“Laçında sülhməramlıların yanından silahımızla keçdik” –

Erməni silahlı dəstəsinin üzvləri ifadə verib
29 İyun 2021 - 17:30

Azərbaycan ərazisində terror-təxribat və digər əməllər törətməkdə təqsirləndirilən erməni silahlı dəstələrinin 14 üzvü – Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç, Baqasyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asetryan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Kamoyeviç, Sedrakyan Romik Misakini, Minasyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç və Karapetyan Yuri Tiqranoviçin cinayət işi üzrə məhkəmə prosesi bu gün fasilədən sonra davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Petrosyan Albert Kamoyeviç ifadə verib.

O da digər təqsirləndirilən şəxslərlə eyni məzmunlu ifadə verib.

Qeyd edib ki, Azərbaycan hərbçiləri tərəfindən saxlandıqdan sonra onlara heç bir təzyiq göstərilməyib: “Bizə insani münasibət göstərdilər. Su və siqaret verdilər. Silah-sursatlarımızı onlara təhvil verdik. Azərbaycanlılar 300-400 nəfər idi”.

Daha sonra prosesdə Qasparyan Qor Vaqramini ifadə verib. O da noyabr ayında Gümrüdə yerləşən hərbi komissarlığına çağırıldığını, Laçına, oradan da Hadrut istiqamətində dağa aparıldıqlarını deyib: “Bir neçə gündən sonra dağdan düşəndə Azərbaycan hərbçiləri tərəfindən saxlanıldıq. Silahlarımızı verərək təslim olduq”.

Prokurorun sualını cavablandıran təqsirləndirilən şəxs deyib ki, Laçında sülhməramlıların yanından silahları ilə birlikdə keçiblər.

Qasparyan Qor Vaqraminin istintaqa ifadəsi də elan olunub. O, ifadəsində deyib ki, məqsədləri qarovolda dayanaraq olduqları ərazidən kiminsə keçməsinin qarşısına almaq olub: “Tapşırıq ondan ibarət idi ki, Azərbaycan tərəfindən kimsə gəlsə, onlara silahla müqavimət göstərməliyik”.

Prosesdə təqsirləndirilən Minasyan Aram Qarnikoviç, Sefilyan Kamo Karenoviç, Baqasyan Armen Yegizari və Yenqoyan Sisak Qrişai də digərləri ilə oxşar ifadə verib.

Onların ibtidai istintaqa ifadələri də elan edilib.

Adları qeyd olunan şəxslər istintaqda bildiriblər ki, Azərbaycan Ordusunun hərbçiləri onların olduğu əraziyə yaxınlaşacağı təqdirdə, silahla müqavimət göstərmək əmri alıblar.

Hakim təqsirləndirilən şəxslərin hamısının ifadəsinin dinlənildiyini elan edib.

“İş üzrə iki nəfər şahid var. Onlar da gələn proses dəvət olunaraq dindiriləcək”, – deyə hakim bildirib.

Məhkəmə prosesi iyulun 2-də davam etdiriləcək.