Livanda yanacaq və ərzaq təchizatı iflic olub

14 Avqust 2021 - 15:48

Livanda bir ildən artıqdır davam edən hökumət böhranı həyatı iflic edib. Artıq yanacaq və ərzaq təchizatı dayanıb, çörək mağazaları və yanacaqdoldurma məntəqələrinin önündə uzun növbələr yaranıb.

Enerji şirkətləri Livan Maliyyə Nazirliyinin yanacağa subsidiyanın dayandırılması qərarından və qiymətlərdə qeyri-müəyyənlikdən sonra benzin və dizel yanacağı təchizatına ara veriblər. Onlardan tələb olunur ki, qiymətləri qara bazar kursu ilə – 1 ABŞ dollarına 20 min Livan funtu hesablamaqla fəaliyyət göstərsinlər. Halbuki rəsmi valyuta kursu 1 ABŞ dollarına 3900 funt təşkil edir. Yaranmış xaos vəziyyətində Beyrut Rafiq Həriri Beynəlxalq Hava Limanı rəhbərliyi dizel yanacağının bitməsi səbəbindən işıqlandırma sisteminin işləmədiyini bəyan edib. Ölkənin cənubunda gənclərdən ibarət qrup tərəfindən yanacaq tankeri müsadirə olunub, paytaxtda onlarla çörəkbişirmə sexi fəaliyyətini dayandırıb, un məhsulları satılan mağazaların önündə növbələr yaranıb.

Yaranmış ağır böhran nəticəsində ölkəni tərk etmək istəyən gənclərin sayı kəskin şəkildə artıb. Belə ki, son iki gün ərzində Livanın pasport qeydiyyatı şöbələrinə xarici pasport almaq üçün 5 mindən çox müraciət daxil olub. Aclıq fəlakətinin qarşısını almaq məqsədilə 500 min ailəyə ərzaq kartları paylansa da, əhalini gündəlik zəruri tələbat məhsulları ilə təmin etmək imkansız hala gəlib.

Böhrandan çıxmaq məqsədilə Livan Prezidenti Mişel Aun müxtəlif siyasi partiyalar və dini-etnik qrupların rəhbərləri ilə yeni hökumətin qurulmasına dair danışıqlar aparır.