“Livanlı qaçqınların Dağlıq Qarabağa axın etməsi ilə bağlı məlumatlara malik deyilik” –

Rusiya XİN
17 Sentyabr 2020 - 17:49

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsinə münasibət bildirib.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə APA-nın Moskva müxbirinin sualına cavab olaraq bildirib ki, Rusiya Dağlıq Qarabağın de-fakto rəhbərliyinin Livanı tərk edən ermənilərin nəzarət etdikləri ərazilərdə yerləşdirilməsi niyyətindən xəbərdardır.

“Biz iki livanlı ailənin Dağlıq Qarabağa köçmək niyyətində olması ilə bağlı xəbərləri oxumuşuq. Livandan olan qaçqınların Dağlıq Qarabağa və ətraf rayonlara real axın etməsi ilə bağlı məlumatlara malik deyilik.

Hesab edirik ki, indi Dağlıq Qarabağ probleminin həllinə istiqamətlənən danışıqlar prosesinin bərpasına, o cümlədən regiondakı qaçqın və məcburi köçkünlərin probleminə diqqəti yönəltmək lazımdır. ATƏT-in Minsk Qrupunun həmsədrləri sentyabrın 14-də Azərbaycan və Ermənistanın XİN başçıları ilə telefonla məsləhətləşmələr aparıb. Onlara vasitəçilərin təkliflərini, o cümlədən Dağlıq Qarabağ probleminin nizamlanması ilə bağlı atılacaq addımlar çərçivəsində həmsədrlərin ayrı-ayrılıqda nazirlərlə görüş keçirilməsi təklifini veriblər. Biz tərəflərin müsbət reaksiyasına ümid edirik”, – deyə M. Zaxarova vurğulayıb.