“Liverpul” ilk dəfə dünya çempionu olub

Qətərdə keçirilən klublararası dünya çempionatı başa çatıb.

Apasport.az saytının məlumatına görə, yarışın son günündə iki qarşılaşma baş tutub.

3-cü yer uğrunda matçda Meksika “Monterrey”i Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Hilal”ı qəbul edib. Məhsuldar keçən görüşdə 4 qol vurulsa da, qalib müəyyənləşməyib. Bürünc medalların taleyinə penaltilər seriyasında aydınlıq gəlib. Meksikalılar daha dəqiq olaraq, 3-cü yeri tutublar.

Finalda isə İngiltərə “Liverpul”u ilə Braziliya “Flamenqo”su qarşılaşıb. 90 dəqiqə qalibi müəyyənləşdirmək üçün yetərli olmayıb.

Matçda hesabı “Liverpul”un braziliyalı legioneri Firmino açıb. Onun 99-cu dəqiqədə həmyerlilərinin qapısından keçirdiyi qol matçın taleyini həll edib.

Bununla da “Liverpul” tarixində ilk dəfə dünya çempionu adına yiyələnib. 2005-ci ildə finalda “San-Paulu”ya 0:1 hesabı ilə uduzan mersisaydlılar digər Braziliya təmsilçisini yenib.

Bu, Avropa klublarının ardıcıl 7-ci uğuru olub. 2000-ci ildən təşkil olunan və 16-cı dəfə təşkil olunan yarışda “Köhnə qitə” təmsilçiləri 11, cənubi amerikalılar 5 dəfə qalib adına yiyələnib.

Qeyd edək ki, çempion titulunu hamıdan çox – 4 dəfə (2014, 2016, 2017, 2018) İspaniya “Real”ı qazanıb. Bu ölkənin digər klubu “Barselona” 3 (2009, 2011, 2015), Braziliya “Korintians”ı 2 (2000, 2012) dəfə titula yiyələnib. Braziliya təmsilçiləri “San-Paulu” (2005), “İnter” (2006), İtaliya klubları “Milan” (2007), “İnter” (2010), İngiltərə “Mançester Yunayted”i (2008), Almaniya “Bavariya”sı (2013) hərəyə bir dəfə dünya çempionu adını qazanıb.

Klublararası dünya çempionatı
21 dekabr
3-cü yer uğrunda oyun

“Monterrey” (Meksika) – “Əl-Hilal” (Səudiyyə Ərəbistanı) – 2:2, pen.4:3
Qonzales, 55, Meza, 60 – Eduardo, 35, Qomis, 66
Final
“Liverpul” (İngiltərə) – “Flamenqo” (Braziliya) – 1:0, əlavə vaxtda

Firmino, 99

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Stalinin ölümqabağı son çıxışı:

Sonrakı məqalə

Ermənistan gecə cəbhə xəttində atəşkəsi pozub