Londona 17 milyon dollar keçirmiş azərbaycanlı ər-arvad kimdir? –

Birtaniya məhkəməsi araşdırmağa başlayıb
24 May 2020 - 15:27

Böyük Britaniya məhkəməsi “Evening Standard” qəzetinə Azərbaycandan adları çəkilməyən ər-arvadın ölkəyə gətirilmiş azı 14 milyon funt sterlinq (17 milyon dollar) pulla bağlı məhkəmə materiallarına giriş verilməsi barədə qərar qəbul edib.

Azpost.info “Amerikanın Səsi”nə istinadən bildirir ki, hakim Emma Arbutnot məxfi sənədlərə giriş verərkən deyib ki, qəzet “çox mühüm bir material” hazırlayır.

Bu sənədlər məhkəməyə sözü gedən ər-arvada dair “çirkli pul” iddialarını araşdıran Britaniya Milli Cinayət Agentliyi (MCA) tərəfindən təqdim olunub.

Xanım Arbutnotun sözlərinə görə, söhbət MCA-nin Londonda yaşayan cütlüyün dondurulmuş bank hesablarındakı vəsaitin “beynəlxalq korrupsiyadan gəlməsinə və Beliz, Marşal və Seyşel adaları da daxil silsilə ofşor şirkətlər vasitəsilə yuyulmasına” dair iddialarından gedir.

Məhkəmə sənədlərindən bəlli olur ki, bu təhqiqat çərçivəsində Danimarkadakı bank hesabları barədə informasiya üçün də sorğular verilib.

Hakim daha sonra keçiriləcək dinləmələrə qədər sözü gedən ər-arvadın adlarının məxfi saxlanması qərarına gəlib.

Hakim eyni zamanda bu işlə bağlı baxılacaq ayrı bir hüquqi məsələ ilə əlaqədar cütlüyə qarşı iddiaların detallarının açıqlanmasını qadağan edib.

Məhkəmə bu hökmü Londonda çıxan Evening Standard qəzetinin vəsatətinə cavab olaraq çıxarıb. Qəzet məhkəmədən MCA-nin Uestminister Məhkəməsinə təqdim etdiyi sənədlərlə tanış olmaq icazəsi istəmişdi.

MCA iddialar barədə sənədləri məhkəməyə təqdim etməklə ondan ər və arvada məxsus 10-dək bank hesabının dondurulması üçün order istəmişdi.

Məhkəmə sənədlərində ərin və arvadın adları şərti olaraq X və Y kimi göstərilib.

Assanjın və Zamirə Hacıyevanın vəkili

Bank hesablarının dondurulması üçün order verilməsi ilə bağlı iki gün davam edən prosesdə ər və arvadı ölkənin ən nüfuzlu vəkillərindən Ceyms Lüis təmsil edirdi.

Onun son işlərindən biri də Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın Azərbaycana ekstradisiyasının qarşısının alınması ilə bağlı idi.

Qəzet yazır ki, WikiLeaks saytının yaradıcısı Cullian Assanjın ekstradisiyasına qarşı işi də məhz bu vəkil aparır.

Vəkil Ceyms Lüis sənədlərin qəzetə verilməsinin əleyhinə çıxış edirdi. O bildirirdi ki, bu sənədlərdə sözü gedən ər və arvadı “çirkli pul yuyan və korrupsiyaçı” kimi təsvir edən isbat edilməmiş iddialar yer alıb.

Lakin hakimin qərarında deyilir ki, “Evening Standard qəzetinin bu sənədlərə çıxış almaq istəyində normal jurnalist məqsədi var” və bu məqsəd Birləşmiş Krallığa “çirkli pulların” gətirilməsindən narahatlıqla bağlıdır.

Kompromis nəticəsində qərarda qəzetə sözü gedən məxfi sənədlərin redaktə olunmuş variantının verilməsi baradə müddəa yer alıb.

Hakim deyib ki, beləliklə də qanuni jurnalist marağı ilə sözü gedən adamların şəxsi məxfilik hüququ arasında balans əldə olunub. Bununla belə, hakim ər-arvadın kimliyi ilə bağlı bildirib ki, onların məxfiliyi “prosesin yalnız ilkin mərhələsində” saxlanacaq. Hakim əlavə edib ki, X Azərbaycanın yüksək vəzifəli hökumət rəsmisinə bağlıdır.

Hökmdə deyilir ki, sözü gedən cütlüyə qarşı şübhənin əsasını onların 21 şirkətdən 13 milyon 897 min 280 funt sterlinq alması təşkil edir.

Xanım Arbuthnot bunu da açıqlayıb ki, ər-arvada qarşı hüquq-mühafizə orqanları tərəfindən başqa işlərlə bağlı verilmiş order tələbnamələri də var.

Hakimin sözlərinə görə, bunların indi açıqlanması cütlüyün “maliyyə və biznes maraqlarına ciddi ziyan vura bilər”.

Hökmdə qeyd olunur ki, “Danimarkada 21 şirkətlə bağlı bank sənədlərinə”, habelə Beliz, Marşal adaları və Seyşeldəki şirkətlərin “mənfəətdar sahibliyinə” dair təhqiqat hələ davam edir. X və Y-ə qarşı istifadə olunan Hesabın Dondurulması Orderi (The Account Freezing Order) 2017-ci il tarixli Maliyyə Cinayətləri Qanunu əsasında qəbul olunub.