Lukaşenko iki müxalifətçini və ABŞ vətəndaşını həbsxanadan azad edib

20 Oktyabr 2020 - 09:36

Tut.by mediasının bildirdiyinə görə, bazar ertəsi Aleksandr Lukaşenko aylardır davam edən etiraz nümayişlərindən sonra qeyri-adi bir güzəştə gedərək, ABŞ vətəndaşı olan Belarus siyasi məsləhətçini və iki müxalifət üzvünü ev dustaqlığına buraxıb.

ABŞ və Rusiyada işləyən məsləhətçi Vitali Şklyarov iyul ayında Belarusda həbs edilib. O, avqustun 9-u prezident seçkiləri öncəsi kütləvi iğtişaşlar təşkil etməkdə ittham edilib.

Şklyarov mübahisəli səsvermədən sonra həbs edilmiş müxalif Koordinasiya Şurasının üzvü Liliya Vlasova və müxalifət lideri Maria Kolesnikovanın vəkili İlya Saleylə birlikdə ev dustaqlığına aparılıb.

Bu üç nəfər oktyabr 10-da Lukaşenkonun KQB həbsxanasında görüşdüyü müxalifət üzvləri arasında olub. O zaman Belarusun dövlət mediası Lukaşenkonun müxalifət üzvləri ilə konstitusiya islahatlarını müzakirə etdiyi haqda məlumat vermişdi.

On minlərlə insan bazar günü müxalifətin saxtalaşdırıldığı dediyi prezident seçkilərindən bəri hər həftə sonu olduğu kimi yenidən Minsk küçələrində yürüş keçirib. Daxili İşlər Nazirliyi bazar günü polisin nümayişlər zamanı 280 nəfəri nəzarət altına aldığını bildirib.

Belarusda 1994-cü ildən bəri iqtidarda olan Lukaşenkonun geniş seçki saxtakarlığı iddiaları fonunda avqustun 9-da keçirilən prezident seçkilərinin qalibi elan edilməsindən sonra etirazlar davam edir.

Lukaşenkonun ən ciddi rəqibi olan müxalifət lideri Svetlana Tixanovskaya onun tərəfdarları və başqalarının qələbə çaldığını dedikləri səsvermədən sonra Litvaya qaçmaq məcburiyyəti qarşısında qalıb.