Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, onun kiçik oğlu Nikolay hazırda Pekin universitetində təhsil alır.
Azpost.info xəbər verir ki, Lukaşenko təfərrüatları açıqlamasa da, əvvəllər Nikolayın Belarus və Çin arasında əməkdaşlıq layihəsi çərçivəsində biotexnologiyalar üzrə təhsil aldığını deyib.
Lukaşenkonun nikahdan kənar oğlunun 18 yaşı var. Mətbuatın yazdığına görə, onun anası prezidentin keçmiş həkimi İrina Abelskayadır. 2022-ci ildə Nikolay məktəbi qızıl medalla bitirərək Belarus Dövlət Universitetinin Biologiya fakültəsinə daxil olub. Yerli mətbuat yazır ki, bundan sonra universitetdə təmir işləri aparılıb və təhlükəsizlik gücləndirilib.
“Rossiya 1” telekanalına müsahibəsində Lukaşenko onu da qeyd edib ki, oğlu Moskva ilə Kiyev arasında ötən ilin yazında aparılan danışıqlarda əhəmiyyətli rol oynayıb. Onun sözlərinə görə, Nikolay Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığının təşkilinə kömək edib. Və uzun söhbətdən sonra Ukrayna lideri Belarus ərazisində Rusiya tərəfi ilə dialoqa razıllıq verib.
Azpost.info