“Mən sənin üçün çayçıyam?” –

Rövşən Əkbərov biznesmeni hansı sözə görə qətlə yetirib?
10 Avqust 2021 - 19:02

Həbsdə olan general Rövşən Əkbərovun məhkəməsi diqqət mərkəzindədir.

Azpost.info bildirir ki, sabiq korpus komandiri 2001-ci ildə törədilən qətldə ittiham olunur. O, Ukrayanda iş adamı Elçin Əliyevi öldürməkdə təqsirləndirilir.

Haqqın.az saytı cinayət işində subut kimi yer almış bir ifadəni açıqlayıb. Bu, hadisənin əsas şahidi olan Məzahir Şıxəliyevlə qətlə yetirilən biznesmen Elçin Əliyevin atası Fədai Əliyev arasında danışıqların səs yazısıdır. Məzahir Şıxəliyev 2013-cü ildə vəfat edib.

Əvvəlki ifadələrdən məlum olduğu kimi 1 iyun 2001-ci ildə Azərbaycanın Kiyevdəki səfirliyində keçirilən məclisdə Elçin Əliyev, Məzahir Şıxəliyev və Rövşən Əkbərov görüşüblər. Qəbulda çoxlu qonaqlar olub.

Gecə yarısı Elçin Əliyev və Məzahir Şıxəliyev pivə içmək üçün “Sikora” kafesinə gediblər. Bir az sonra ora general Rövşən Əkbərov bir azərbaycanlının müşaiyəti ilə gəlib. (Bir sıra şahid ifadələrində qeyd edilir ki, bu səfirliyin komendantı Qüdrət Əhmədov olub).

Rövşən Əkbərovu kafedə görən Elçin Əliyev skripkaçıdan zabitlər haqqında bir neçə mahnı ifa etməsini xahiş edib. Tezliklə Rövşən Əkbərov və onu müşayiət edən Elçin Əliyevlə bir stolun ətrafında oturublar.

Məzahir Şıxəliyevlə mərhum Elçin Əliyevin atası arasında olan söhbətin səs yazısında bu sözlər qeyd edilib: “Rövşən Elçindən soruşdu ki, “səfirlikdə niyə ona salam verməyib?” Elçin cavabında güldü: “Biz səfirliyə gələndə sən samovar qaynadırdın”. Bu sözlərdən sonra Rövşən Əkbərov acıqlı səslə dedi: “Mən sənin üçün bəyəm çayçıyam?” Mən onları sakitləşdirməyə çalışdım. Cavabında Rövşən məni təhqir elədi. Mən soruşdum ki, sən kimsən ki, mənim ağzımı yumasan? O ayağa qalxdı və dedi: “İndi sənin ağzını yumaram”.

Digər ifadələrdən məlum olur ki, kafenin mühafizəçiləri onlardan salonu tərk etməyi xahiş ediblər. Mübahisə küçədə davam edib və faciə ilə nəticələnib.

Rövşən Əkbərov Məzahir Şıxəliyevin sifətinə zərbə endirib və Elçin Əliyevi ürəyindən bıçaqlayıb.