Məhkəmə ekspertləri ilə bağlı yeni Reyestr istifadəyə verildi

Ədliyyə Nazirliyi məhkəmə ekspertləri haqqında məlumatların vahid elektron bazada toplanmasını və ictimaiyyət üçün əlçatanlığını təmin edən Məhkəmə Ekspertlərinin Reyestrini istifadəyə verib.

Nazirlikdən Azpost.info-ya verilən açıqlamada bildirilib ki, Reyestr məhkəmə ekspertizası sahəsində dövlət idarəetməsinin təkmilləşdirilməsi, beynəlxalq standartların tətbiqi, vahid yanaşmanın formalaşdırılması və rəqəmsallaşmanın genişləndirilməsi istiqamətində həyata keçirilən islahatların tərkib hissəsidir.

Reyestrdə hansı məlumatlar yer alır?

Elektron informasiya resursu Ədliyyə Nazirliyi tərəfindən formalaşdırılır, aparılır və idarə olunur.

Reyestrdə məhkəmə ekspertlərinin:

  • adı, soyadı və ata adı;

  • təhsili;

  • ixtisası;

  • attestasiyası;

  • iş stajı;

  • şəhadətnamələri;

  • peşə fəaliyyəti ilə bağlı digər məlumatları əks olunur.

Bu məlumatlar ekspertlərin peşə hazırlığı və səlahiyyətləri barədə etibarlı informasiya əldə etməyə, məhkəmə ekspertizası fəaliyyətində şəffaflığın və ictimai etimadın artırılmasına xidmət edir.

Yalnız Reyestrə daxil edilən şəxslər ekspert ola bilər

Ədliyyə Nazirliyinin açıqlamasına görə, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun tələblərinə əsasən, yalnız Reyestrə daxil edilmiş şəxslər məhkəmə eksperti qismində fəaliyyət göstərə bilərlər.

Reyestrə daxil edilməyən şəxslərin məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olması qadağandır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Vətəndaşlar və aidiyyəti qurumlar ekspertlərin ixtisası, şəhadətnamələrinin qüvvədə olub-olmaması və digər məlumatları elektron qaydada axtarıb əldə edə bilərlər.

Reyestrdə hansı qurumların ekspertləri var?

Hazırda Reyestrdə Ədliyyə, Daxili İşlər və Səhiyyə nazirliklərinin, eləcə də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri barədə məlumatlar yer alır.

Müdafiə Nazirliyinin məhkəmə ekspertləri haqqında məlumatların Reyestrə daxil edilməsi üzrə işlər davam etdirilir.

Özəl məhkəmə ekspertizası institutunun tətbiqinə başlanıldıqda müvafiq şəhadətnamə almış özəl məhkəmə ekspertləri barədə məlumatlar da Reyestrə daxil ediləcək.

Reyestrə necə baxmaq olar?

Reyestrin aparılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 2 may tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalarla tənzimlənir.

Məhkəmə Ekspertlərinin Reyestri Ədliyyə Nazirliyinin və Məhkəmə Ekspertizası Mərkəzinin rəsmi saytlarında yerləşdirilib.

Məhkəmə Ekspertlərinin Reyestri ilə linkə keçid edərək tanış olmaq mümkündür.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.