Fransa prezidenti Emmanuel Makronun beşillik hakimiyyət müddətinin sonuna yaxın beynəlxalq arenadakı nüfuzu getdikcə zəifləyir. Eyni zamanda, ölkə daxilində böhran dərinləşir, onun populyarlığı isə rekord dərəcədə aşağı düşür. Bu barədə Agence France-Presse (AFP) yazır.

“Onun beynəlxalq arenada təsir imkanları tədricən azalır. Hakimiyyətinin son dövrü onun üçün çətin olacaq”, – dövlət başçısının tərəfdarlarından biri agentliyə açıqlamasında bildirib.

Agentlik qeyd edir ki, son bir il beynəlxalq diplomatiya baxımından Makron üçün xüsusilə uğursuz olub. Buna misal kimi Avropa ölkələrinin bütün səylərinə baxmayaraq, ABŞ və Ukrayna arasındakı münasibətlərin yenidən pisləşməsi göstərilir.

ABŞ-ın Beynəlxalq Münasibətlər Şurasının (Council on Foreign Relations) nümayəndəsi Liana Fiks agentliyə açıqlamasında bildirib ki, “Avropa ölkələri, xüsusilə Fransa və Almaniya, öz daxili problemlərinə görə Amerika təşəbbüslərinə daim qarşı çıxmaq üçün artıq əvvəlki qədər resurs sərf edə bilmirlər”.

Makronun yaxın silahdaşlarından biri isə agentliyə deyib ki, hazırda Avropa İttifaqında noyabrda keçirilməsi planlaşdırılan ABŞ aralıq seçkilərinə qədər vəziyyəti idarə etmək ümidi var. Həmin seçkilərdən sonra Ağ Ev rəhbərinin manevr imkanları məhdudlaşa bilər.

Beynəlxalq arenada daha bir uğursuzluq kimi Fələstində ümumi seçkilərin 2027-ci ilin payızına təxirə salınması göstərilir. Agentlik xatırladır ki, Makron bir il əvvəl Fələstin Dövlətinin tanındığını elan edərkən məhz bu seçkiləri əldə edilmiş əsas nailiyyətlərdən biri kimi təqdim etmişdi.

AFP həmçinin Yəməndəki husilərin hücumlarından Səudiyyə Ərəbistanındakı enerji obyektini qorumaq üçün Fransa qüvvələrinin göndərilməsi ilə bağlı risklərin artdığına diqqət çəkir. Münaqişənin intensivliyi yüksəldikcə Fransanın müdaxiləsinin effektivliyi ilə bağlı suallar yaranır. Eyni zamanda, Parisin müdaxiləsi ölkəni tədricən münaqişəyə daha dərindən cəlb etmək təhlükəsi yaradır. Halbuki Fransa öz mövqeyini “sırf müdafiə xarakterli” kimi təqdim edir.

“Makron həqiqətən də qeyri-populyarlıq rekordları qırır. O, iki beşillik prezidentlik müddətinin sonunu kölgədə qoyan bir sıra böhranlarla üzləşib. Bunlara yuxarı sinif şagirdlərinin etirazlarından tutmuş yanacağın qiymətinə və maliyyə sarsıntılarına qədər müxtəlif problemlər daxildir”, – agentlik yazır.

“Böyük Yeddilik” (G7) sammitində qürurla vurğulanan birlik ABŞ-ın hücumları qarşısında sınağa çəkildiyi bir vaxtda Fransa, ən azı hələlik, gözləmə mövqeyi tutmağa qərar verib”, – AFP qeyd edir.

Avropa səviyyəsində isə Makron üçün əsas sınaqlardan biri Fransada prezident seçkiləri keçirilənədək Avropa İttifaqının “ambisiyalı” büdcəsinin qəbul edilməsi olmalı idi. Lakin agentliyin yazdığına görə, Fransa ilə Almaniya arasındakı rəqabət gözlənilən nəticəni verib və danışıqlar dalana dirənib.

AzPost.az