Rusiya rəhbərliyi bir ay ərzində raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirməklə Ukraynanın enerji sistemini sıradan çıxarmağa, Kiyev, Xarkov və Odessanı elektrik enerjisi, istilik və su təchizatından məhrum etməyə ümid edir.
Bu barədə “The New York Times” Ukraynanın Rusiya tərəfindən energetika obyektlərinə zərbələr endirilməsi planı kimi ələ keçirilmiş sənədi təqdim etməsinə istinadən yazıb.
NYT-nin surəti ilə tanış olduğu sənədə əsasən, Moskva bu məqsədə çatmaq üçün təxminən 70 ballistik raketdən, uzaqmənzilli 720 pilotsuz uçuş aparatından və 150 idarəolunan aviasiya bombasından istifadə edə bilər.
Plan həyata keçirilərsə, Kiyev, Xarkov və Odessanın elektrik enerjisi və istiliklə təminat imkanlarının 90 faizi sıradan çıxa bilər. Bundan əlavə, şəhərlərdə su təchizatı və kanalizasiya sistemlərinin işində ciddi fasilələr yarana bilər.
NYT-nin qiymətləndirməsinə görə, Rusiya rəhbərliyi bu qış əvvəlki dörd qış ərzində nail ola bilmədiyi məqsədə çatmağa — Ukraynanın enerji sistemini dağıtmağa və Kiyevi kapitulyasiyaya məcbur etməyə çalışır. Nəşr qeyd edir ki, Ukraynanın hücumları dəf etmək imkanları uzun illər davam edən zərbələr və ABŞ-nin hərbi yardımının azalması nəticəsində zəifləyib. Eyni zamanda Rusiyanın raket və pilotsuz uçuş aparatları arsenalı artıb.
Enerji infrastrukturunun zəifliyi artıq Kiyevdə özünü göstərib. Oktyabr ayında Rusiya hücumlarından sonra şəhər hakimiyyəti elektrik enerjisinin planlı şəkildə kəsilməsinə başlayıb. Halbuki ötən il belə məhdudiyyətlər yalnız ayın sonlarında tətbiq edilmişdi.
NYT-nin məlumatına görə, müharibədən əvvəl Kiyevdəki üç istilik elektrik mərkəzinin ümumi gücü təxminən 1,3 giqavat olduğu halda, payızadək bu göstərici təxminən 500 meqavata düşüb.
Ukraine Facility Platform tədqiqat qrupunun enerji analitiki Mariya Tsaturyan bildirib ki, oktyabrın 14-də, çərşənbə günü, Rusiya ballistik raketləri yenidən hər üç obyektə zərbə endirib. O, Rusiyanın taktikasını Kiyevi elektrik enerjisindən tamamilə məhrum etməyə yönəlmiş “yandırılmış torpaq taktikası” adlandırıb.
NYT həmçinin qeyd edir ki, Ukrayna çərşənbə günü Rusiyanın atdığı 39 ballistik raketdən yalnız dördünün ələ keçirildiyini açıqlayıb. Raketlərin əksəriyyəti enerji infrastrukturuna yönəldilmişdi.
Bununla belə, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin eksperti Set Cons hesab edir ki, tarixi təcrübə mülki əhaliyə zərbələr endirməklə rəqibi kapitulyasiyaya məcbur etmək cəhdlərinin nadir hallarda uğur qazandığını göstərir.
Bundan əvvəl “Azadlıq Radiosu” mənbələrinə istinadən Rusiyanın Ukraynanın enerji sistemini məhv etmək planı barədə məlumat vermişdi. Sənəddə elektrik stansiyaları, yarımstansiyalar, su təchizatı, kanalizasiya və istilik təminatı obyektləri də daxil olmaqla, 60 prioritet hədəf göstərilmişdi.