Masallıda baş verən partlayışda xəsarət alan ər-arvad xəstəxanada öldü

27 Aprel 2020 - 10:34

Masallıda baş verən partlayışda xəsarət alan iki nəfər vəfat edib.

APA-nın məlumatına görə, aprelin 16-da Təzə Alvadı kəndində İntiqam Qədiyevə məxsus fərdi yaşayış evində partlayış zamanı tikili bütövlükdə dağılıb.

Nəticədə, İ.Qədiyev, arvadı Sevinc Qədiyeva, övladları Rüfanə Qədiyeva, Cahid Qədiyev və Zəhra Qədiyeva ağır xəsarətlər alıblar. Xəsarət alanlar Bakıdakı 5 saylı şəhər kliniki xəstəxanasına göndərilib.

İ.Qədiyev və arvadı S.Qədiyeva müalicə aldıqları xəstəxanada ölüblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə başlanılan cinayət işi 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıq iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəyə tövsif edilib.