Masallıda sabiq məhkumun evində 3 kiloqram narkotika tapıldı

12 Mart 2020 - 10:07

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Masallı RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı şəhər sakini, əvvəllər məhkum olunmuş İqbal Ağayev saxlanılıb.

Onun yaşadığı evə keçirilən baxış zamanı 3 kiloqram 258 qram narkotik vasitə tiryək, 11 qram psixatrop maddə olan metamfetamin və 0,7 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Masallı RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.