Maşınınız niyə çox benzin yandırır? –Səbəb təkərlərdə ola bilər

Avtomobil sahibləri yanacaq sərfiyyatının artmasını çox vaxt mühərrikin problemi, benzinin keyfiyyəti və ya tıxaclarla əlaqələndirirlər. Halbuki səbəb daha sadə ola bilər: təkərlərin düzgün şişirdilməməsi.

Təkərdə hava təzyiqinin normadan aşağı olması yalnız yanacaq sərfiyyatına deyil, avtomobilin təhlükəsizliyinə və şinlərin ömrünə də təsir göstərir.

ABŞ Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) təkər təzyiqinin düzgün saxlanmasını avtomobilin texniki xidmətində ən vacib məsələlərdən biri hesab edir. Qurumun məlumatına görə, düzgün təzyiq təhlükəsizlik, təkərin davamlılığı və yanacaq sərfiyyatına təsir edir.

Təzyiq niyə yanacağa təsir edir?

Təkərin havası azaldıqda onun yol ilə təmas sahəsi və yuvarlanma müqaviməti artır. Nəticədə mühərrik avtomobili hərəkət etdirmək üçün daha çox enerji sərf edir.

Bu, xüsusilə şəhər daxilində, tez-tez dayanıb hərəkət edən avtomobillərdə daha çox hiss oluna bilər.

Təkərin düzgün təzyiqi isə yalnız yanacağa qənaət məsələsi deyil. NHTSA bildirir ki, düzgün şişirdilmiş təkərlər orta hesabla şinin ömrünü 4700 milədək, yəni təxminən 7560 kilometrədək artıra bilər.

Təkərin havasını nə vaxt yoxlamaq lazımdır?

Ən düzgün üsul təzyiqi təkərlər soyuq vəziyyətdə ölçməkdir.

NHTSA təkər təzyiqinin ən azı ayda bir dəfə yoxlanmasını tövsiyə edir. Həmçinin uzun səfərdən əvvəl təzyiqin yoxlanması məqsədəuyğundur.

Bəs neçə PSI olmalıdır?

Bu rəqəm bütün avtomobillər üçün eyni deyil. Təkərin üzərində yazılan maksimum göstəricini avtomobil üçün tövsiyə olunan təzyiqlə qarışdırmaq olmaz.

Düzgün rəqəm adətən sürücü qapısının kənarında və ya avtomobilin istifadə kitabçasında yerləşən xüsusi etiketdə göstərilir.

Təkərin havası niyə azalır?

Təzyiq müxtəlif səbəblərdən aşağı düşə bilər. Soyuq hava, təkərin deşilməsi, klapan problemi və ya diskin zədələnməsi bunlardan bəziləridir.

Bəzən sürücü təkərin tam boşaldığını görmədiyi üçün problem olmadığını düşünür. Halbuki təzyiqin tədricən azalması da avtomobilin idarəetməsinə və yanacaq sərfiyyatına təsir göstərə bilər.

Müasir avtomobillərin bir hissəsində təkər təzyiqinə nəzarət sistemi – TPMS mövcuddur. Lakin NHTSA qeyd edir ki, bu sistem adətən təzyiq əhəmiyyətli dərəcədə aşağı düşəndə xəbərdarlıq edir. Buna görə yalnız paneldəki göstəriciyə güvənmək düzgün deyil.

Daha bir vacib məsələ

Təkərlərin yalnız havasını yoxlamaq kifayət etmir. Protektorun vəziyyəti, qeyri-bərabər yeyilmə, balans və təkərlərin yerinin dəyişdirilməsi də nəzarətdə saxlanmalıdır.

NHTSA düzgün təkər təzyiqi ilə yanaşı, rotasiya, balans və təkər bucaqlarının düzgünlüyünün də təkərlərin daha uzun müddət istifadə edilməsinə kömək etdiyini bildirir.

Yəni avtomobiliniz son vaxtlar əvvəlkindən çox yanacaq sərf edirsə, dərhal mühərrikdə böyük problem axtarmağa başlamazdan əvvəl dörd təkərin təzyiqini yoxlamaq faydalıdır.

Bəzən bir neçə dəqiqəlik yoxlama həm yanacağa, həm təkərlərə, həm də təhlükəsizliyə qənaət edə bilər.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.