“SpaceX” şirkətinin sahibi İlon Mask Ukraynanın Rusiyanın ərazisində uzaqmənzilli zərbələr endirmək üçün Starlink peyk internetindən istifadəsinə icazə verə biləcəyini istisna etməyib.
Bu barədə Financial Times (FT) məsələ ilə tanış mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Mask Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorovla söhbəti zamanı belə bir imkanın nəzərdən keçirilə biləcəyini bildirib. Lakin biznesmen vurğulayıb ki, bununla bağlı qərar ilk növbədə ABŞ Prezidenti Donald Trampın administrasiyası tərəfindən verilməlidir.
Məlumata görə, Ukrayna tərəfi Starlink-in Rusiyanın dərinliklərində yerləşən hərbi obyektlərə zərbələr zamanı istifadəsinə icazə verilməsini istəyir.
Zelenski məsələni Trampla müzakirə edib
FT daha əvvəl yazıb ki, Ukrayna Prezidenti Volodimir Zelenski iyulun sonunda Donald Trampla görüşü zamanı Starlink-in Rusiyadakı hərbi hədəflərə zərbələr üçün istifadəsi məsələsini qaldırıb.
Söhbət əsasən Ukrayna sərhədindən 200 kilometrədək məsafədə yerləşən ballistik raket buraxılış infrastrukturlarının vurulması imkanından gedib.
Zelenski bu məsələnin həllində Trampdan kömək istəyib. Lakin FT-nin mənbələrinə görə, ABŞ prezidenti bununla bağlı konkret vəd verməyib.
Mask əvvəllər bundan imtina etmişdi
İlon Mask daha əvvəl Ukraynanın Starlink-dən Rusiyanın ərazisindəki hədəflərə zərbə endirmək üçün istifadə etməsinə icazə verməyib.
“The Atlantic” nəşrinin mənbələri Maskın belə bir qərar qəbul etməkdən imtina etməsini əsasən nüvə eskalasiyası təhlükəsi ilə bağlı narahatlığı ilə əlaqələndirib.
Ukrayna tərəfi isə zərbələrin sərhəddən maksimum 200 kilometr məsafə ilə məhdudlaşdırılmasının Maskın mövqeyini dəyişə biləcəyinə ümid edir.
FT-nin yazdığına görə, Starlink-in bu məqsədlə istifadəsi Ukrayna Silahlı Qüvvələrinə Rusiyanın hərbi obyektlərinə daha dəqiq zərbələr endirmək imkanı verə bilər. Bu isə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin çatışmazlığı fonunda Ukraynanın uzaqmənzilli zərbələrə olan ehtiyacını azaltmağa kömək edə bilər.
Mask müharibənin danışıqlar yolu ilə bitirilməsini istəyir
İlon Mask isə Ukrayna ilə Rusiya arasında sülh sazişinin əldə olunmasının tərəfdarı olduğunu dəfələrlə bildirib.
“The Atlantic” nəşrinin mənbələri onun bu mövqeyini də qeyd ediblər.
Mask daha əvvəl “The Economist”ə müsahibəsində Ukraynada cəbhə xəttinin artıq iki-üç ildir ciddi şəkildə dəyişmədiyini və hər gün çox sayda insanın öldüyünü bildirib.
O, Rusiyanın Ukraynadan qoşunlarını çıxarmayacağını və müharibənin yalnız Moskvanın müəyyən güzəştlər əldə etməsi ilə dayandırıla biləcəyini deyib.
“Bu, Rusiyayönlü mövqe deyil. Mən sadəcə praqmatikəm”, – Mask bildirib.