“Milli Məclisin ömrü uzun olmayacaq, yeni seçki keçiriləcək” –

Heydər Əliyevin sabiq köməkçisindən REFERENDUM anonsu (VİDEO)
28 Fevral 2020 - 14:51

“Bu parlament beş il üçün seçilməyib. Yeni Milli Məclisin ömrü uzun olmayacaq”.

Azpost.info bildirir ki, bu sözləri Prezident Heydər Əliyevin sabiq köməkçisi, politoloq Eldar Namazov növbədənkənar seçkilərin nəticələrini təhlil edərkən deyib.

Bunun səbəblərini açıqlayan E.Namazov maraqlı arqument ortaya qoyub:  “2025-ci ilin təqviminə baxsanız bunu görə bilərsiniz. Həmin ilin aprelində Azərbaycanda prezident seçkisi keçirilməlidir. Belə çıxır ki həmin ilin fevralında həmçinin parlament seçkisi keçirilməldir. Belə çıxır ki, eyni ildə, bir ay fərqi ilə  iki seçki olmalıdır. Bu, dünyanın heç bir yerində mümkün olmayan şeydir. Seçkilər arasında heç olmasa 2 il fasilə olmalıdır”.

Politoloqun sözlərinə görə, yeni parlamenitn ömrü qısa olacaq: “Bir ya da iki il fəaliyyəti olacaq. Bu Milli Məclis keçid parlamenti olacaq”.

E.Namazov incə detala diqqəti çəkib. Onun sözlərinə görə, seçki kampaniyasında ölkədə prezidentin islahatlarını  dəstəkləyən böyük  namizədlər qrupunu görmədik: “Bu islahatlara dəstək verənlər fikirləşdilər ki, belə qısa ömürlü parlamentə islahatçı namizədlə getmək, namizədliyi verməyə dəyməz”.

Bəs növbədənkənar parlament seçkiləri bir neçə il sonra yenidən nə adla keçirilə bilər?

E.Namazov bildirib ki,  ölkədə Konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçirilməsi mümkündür: “Bir neçə məsələ  var ki, onların ətrafında  müzakirə gedir. Bu müzakirələr göstərir ki, Konstitusiyaya dəyişiklik etməyin vaxtı çatıb. İlk növbədə Nazirlər Kabineti ləğv olunmalıdır. Ölkədə vitse-prezident postu varsa Nazirlər Kabineti artıq olmamalıdr. Digər tərəfdən birinci, ikinci vitse-prezident postlarına da aydınlıq gətirilməlidir. Ölkədə Prezident və Vitse-prezident olur. İkinci, üçüncü vitse-prezident necə ola bilər?”

Sabiq köməkçinin sözlərinə görə, Milli Məclisin tərkibi ilə də bağlı ciddi təkliflər var: “Deputat sayının artırılması, proporsional sistemin qaytarılması,  seçkilərin qarışıq qaydada keçirilməsi təklifləri bura daxildir”.

E.Namazov bildirib ki, Referendumda Milli Məclisin fəaliyyəti ilə bağlı dəyişikliklər səsverməyə çıxarılsa o zaman növbədənkənar yeni parlament seçkilərinini keçirilməsi labud olacaq.

E.Namazov seçkilərdə üzə çıxan kütləvi saxtakarlıq faktlarını seçkinin hələ də köhnə qaydalarla keçirilmək cəhdləri ilə izah edib: “Ramiz Mehdiyevi dəyişməklə sistem dəyişmir. Seçki sistemi hələ də köhnə sistemdir. Ona görə də saat kimi işləyən saxtakarlıq sistemi başsız qalanda xaotik oldu”.