Milli Məclisin sabiq deputatı Miri Qəmbərov vəfat edib

11 Fevral 2020 - 11:01

“Azərkontrakt” Səhmdar Cəmiyyətinin sədri, keçmiş deputat Miri Qəmbərov 84 yaşında vəfat edib.

Bu barədə “Report”a onun yaxınları məlumat verib.

Miri Qəmbərov Əhəd oğlu 1935-ci il mayın 25-dəLerik rayonun Siyov kəndində anadan olub.

1956-cı ildə Bakı Kooperativ Texnikumunu, 1964-cü ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) sənaye mallarının əmtəəşünaslıq fakültəsini bitirib.

1956-1961-ci illərdə “Azərittifaq”-ın mərkəzi ticarət idarəsində əmtəəşünas, baş əmtəəşünas, 1961-1971-ci illərdə “Azərittifaq”-ın tikinti və təsərrüfat malları idarəsinin direktor müavini, 1971-1978-ci illərdə həmin idarənin baş direktoru, 1978-1979-cu illərdə “Azərittifaq”-ın baş mütəxəssisi, 1979-1981-ci illərdə Bakı şəhər Ticarət idarəsinin şöbə müdiri,Oktyabr (indiki Yasamal) rayon yeyinti idarəsinin direktoru, 1981-1994-cü illərdə Respublika “İdman Malları” topdan-pərakəndə satış birliyinin baş direktoru işləyib.

1994-1997-ci illərdə Azərbaycan Respublikasının Ticarət naziri vəzifəsində çalışıb. 1997-ci ilin iyun ayından “Azərkontrakt” Səhmdar Cəmiyyətinin sədri olub.

İkinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Parlamentdəki fəaliyyəti dövründə Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Estoniya, Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, İslam Konfransı Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvü olub.

2005-ci ildə “Şöhrət” ordeni, 2010-cu idə isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Bir çox mükafatlara layiq görülüb. Ailəlidir, 4 övladı var.

Allah rəhmət eləsin!