Bəs mərhumun banka, başqa şəxslərə və ya digər kreditorlara borcu varsa, bu öhdəliklər də vərəsəyə keçir?
Vəkil İlhamə Həsənova məsələyə hüquqi aydınlıq gətirib.
Miras yalnız əmlak demək deyil
Vəkilin sözlərinə görə, miras qoyanın əmlakı ilə yanaşı, müəyyən öhdəlikləri də vərəsələrə keçə bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə əsasən, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditorları qarşısında onlara çatan miras əmlakın dəyəri həddində məsuliyyət daşıyırlar.
Yəni vərəsə mərhumun bütün borclarına şəxsi əmlakı hesabına cavabdeh olmur.
30 min manatlıq miras, 50 min manat borc varsa…
Məsələn, mərhumdan vərəsəyə 30 min manat dəyərində əmlak qalıb. Eyni zamanda mərhumun 50 min manat borcu var.
Bu halda vərəsənin məsuliyyəti ona çatan mirasın dəyəri ilə məhdudlaşır. Başqa sözlə, 30 min manatlıq miras qarşılığında 50 min manat borcun hamısının vərəsənin şəxsi vəsaiti hesabına ödənilməsi tələb edilə bilməz.
Qalan 20 min manatlıq borcun vərəsənin öz əmlakı hesabına ödənilməsi üçün hüquqi əsas yaranmır.
Miras siyahıya alınmayıbsa, vacib məsələ ortaya çıxır
Vəkil burada vərəsələr üçün mühüm bir məqama diqqət çəkir.
Əgər miras notarius tərəfindən siyahıya alınmayıbsa, miras qoyanın borclarının miras əmlakının dəyərindən çox olduğunu sübut etmək vəzifəsi vərəsənin üzərinə düşür.
Bu səbəbdən miras məsələsində yalnız əldə ediləcək əmlakın müəyyənləşdirilməsi kifayət deyil. Mərhumun kreditləri, borcları və digər maliyyə öhdəlikləri də araşdırılmalıdır.
Mirası qəbul etməzdən əvvəl nəyi bilmək lazımdır?
Vərəsə üçün əsas sual yalnız “Mənə hansı əmlak qalır?” olmamalıdır.
Eyni zamanda “Bu mirasla birlikdə hansı öhdəliklər mənə keçir?” sualına da cavab tapmaq vacibdir.
Çünki mirasın tərkibində ev, avtomobil, pul və digər əmlakla yanaşı, müəyyən borc öhdəlikləri də ola bilər.
Konkret miras işi üzrə borcların həcmi, mirasın tərkibi və vərəsələrin sayı kimi hallar hüquqi nəticəyə təsir edə bilər. Buna görə real iş üzrə sənədlərin notarius və ya hüquqşünas tərəfindən ayrıca qiymətləndirilməsi məqsədəuyğundur.
Miras bəzən yalnız əmlak deyil, öhdəlik də gətirir.
