Qətlə yetirilmiş Səudiyyə Ərəbistanlı jurnalist Camal Xaşuqcinin ailəsi cümə günü atalarını öldürən şəxləri bağışladıqlarını elan edib.
Camal Xaşuqcinin oğlu Salah Xaşuqci Twitterdən bildirb ki, “əgər bir insan bağışlamağı bacarar və barışıq elan edərsə, o, Allah tərəfindən mükafatlandırılar. Buna görə də biz, şəhid Camal Xaşuqcinin övladları atamızı öldürənləri bağışladığımızı elan edirik”.
İslam qanunlarına ilə idarə olunan Səudiyyə Ərəbistanında hüquq sistemi zəif olduğu üçün qətl hadisələrində qurbanın ailəsinin qarşı tərəfi bağışlaması qatilin rəsmi olaraq bağışlanmasına imkan verir.
Qeyd edək ki, dekabr ayında Səudiyyə məhkəməsi qatillərin edam olunması hökmünü çıxarmışdı.
Lakin digər tərəfdən Xaşuqcinin nişanlısı Hatice Cengiz heç kimin qatilləri əfv edə bilməyəcəyini söyləyib. “Heç kimin qatilləri əfv etməyə haqqı yoxdur. Biz nə qatilləri, nə də qətli əmr edənləri bağışlamayacağıq” – deyə, o bildirb.
Camal Xaşuqci 2018-ci ildə oktyabrın 2-də yaxınlaşan toyuna sənəd almaq üçün yollandığı Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlə yetirilmişdi. Onun cəsədi parçalanaraq binadan çıxarıldıqdan sonra qalıqları heç vaxt üzə çıxmayıb.
Cinayət qlobal miqyasda səs-küyə səbəb olmuşdu. Və şahzadə Məhəmməd bin Salmanın imicinə xələl gətirmişdi. Bəzi Qərb hökumətləri, habelə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi qətlin Məhəmməd bin Salman tərəfindən verilən əmr əsasında həyata keçirildiyinə inanır.