“Ukrayna böhranı heç şübhəsiz MDB məkanında ciddi dəyişikliklərə səbəb ola bilər”.
Bu barədə Azpost.info-ya politoloq Qabil Hüseynli bildirib.
Onun fikrincə, müharibə Ukraynanın qələbəsi ilə bitəcəyi təqdirdə MDB ölkələri üçün geniş perspektivlər açıla bilər. “Rusiya MDB ölkərlərinin inkişafı üçün ciddi əngəldir. İmperiya siyasəti yürüdən Kreml keçmiş sovet ölkələrini öz orbitindən kənara buraxmaq istəmir. Onunla razılaşmayan ölkələrdə süni münaqişə ocaqları yaradır və bundan təzyiq vasitəsi kimi istifadə edir. Bir çox postsovet ölkələrinin timsalında biz bunun şahidiyik. Bu baxımdan, Rusiyanın müharibədə məğlub olması MDB ölkələrinin inkişafını şərtləndirən mühüm amil olacaq”, – deyə politoloq əlavə edib.
Qabil Hüseynli qeyd edib ki, müharibə Rusiyanın qələbəsi ilə nəticələnəcəyi təqdirdə MDB ölkələri sadəcə bir imperiyanın tərkib hissəsinə çevrilə bilər: “Rusiya Ukraynada qalib gələrsə, dayanmayacaq. Digər MDB ölkələrini də bu və ya digər şəkildə tam nəzarət altına almaq istəyəcək və mümkündür ki, buna nail olsun”, – deyə Qabil Hüseynli vurğulayıb.
Azpost.info