Moskva şəhər Dumasına müxalifətdən namizədlər seçilib –

Hansı partiyalar mandat ala bilib? 
09 Sentyabr 2019 - 23:13

Seçkilərin ilkin nəticələrinə görə Moskva şəhər Dumasına Kommunist Partiyasından 13 nəfər, “Yabloko” və “Ədalətli Rusiya” partiyalarının hər birindən 3 namizəd düşüb. Moskvada seçici aktivliyi 22%-ə çatmayıb.

Azpost.info-nun məlumatına görə, bu barədə “DW” portalı xəbər verir.

İlkin nəticələrə əsasən, təxminən 20 nəfər müxalifətçi namizəd Moskva Şəhər Dumasına keçib. Moskva Şəhər Seçki Komissiyasının məlumatında deyilir ki, protokolların 99,5%-i nəzərdən keçirildikdən sonra 45 dairənin 20-də Kommunist Partiyası,“Yabloko”“Ədalətli Rusiya” partiyalarının nümayəndələri liderlik edir. Öz növbəsində Seçkilərə İctimai Müşahidə Ofisi məlumat verir ki, paytaxt parlamentinə Kommunist Partiyasından 13, “Ədalətli Rusiya” və “Yabloko”partiyalarının hər birindən 3 namizəd keçib. Ümumilikdə Moskva Dumasına 45 deputat seçilir.

 Bu zaman “Vahid Rusiya” partiyasının Moskva nümayəndələrinin lideri, 2001-ci ildən şəhər parlamentinin keçmiş deputatı Andrey Metelski yeni seçilən Moskva Şəhər Dumasına keçməyib. Korrupsiya ilə Mübarizə Fondunun təsisçisi Aleksey Navalnının komandası artıq bu faktı, həmçinin bir sıra seçki dairələrində müxalifət partiyalarından olan deputatların qələbəsini davamlı “ağıllı səsvermə” konsepsiyasının uğuru kimi qeyd edib. Kampaniyanın əsas məqsədi “Vahid Rusiya” partiyasının üzvlərinin, həmçinin “müstəqil namizəd” adı altında çıxış edən namizədlərin Şəhər Dumasına keçməsinin qarşısını almaq olub.

Moskva Şəhər Seçki Komissiyası tərəfindən yayılan ilkin nəticələrə əsasən, paytaxtda baş tutan səsvermədə seçici fəallığı 21,63% təşkil edib. Bu da 2014-cü ildə keçirilən seçkilərdə müşahidə edilən göstəricidən bir qədər çoxdur.

Moskva meri Sergey Sobyanin baş tutan səsverməni “ən emosional və real rəqabətli” seçki adlandırıb. O, seçkiqabağı mübarizəni “gerçək ehtiras” kimi xarakterizə edib. Mer nəticələri şərh edərkən bəyan edib ki, “Duma siyasi cəhətdən daha rəngarəng olub”. Onun fikrincə, bu, “şəhər parlamentinin xeyrinə olacaq”.