Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov yenidən Ali Məhkəməyə müraciət edib.
Akif Çovdarovun kasasiya şikayəti araşdırılması üçün hakim Əziz Seyidovun icraatına verilib. Məhkəmə baxışı aprelin 30-na təyin olunub.
Qeyd edək ki, Aki Çovdarov Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov ilə birlikdə mühakimə olunublar.
Akif Çovdarov kasasiya şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Həmçinin Akif Çovdarov müsadirə olunması üçün üzərinə həbs qoyulan əmlaklarının ona geri qaytarılmasını da xahiş edib. Bundan başqa, onun ailə üzvləri də şikayətçi olub. Akif Çovdarovun oğlu Ruslan Çovdarov, qızları Aidə Qasımova, Günay Əmircanova və həyat yoldaşı İbadət Çovdarova kasasiya şikayəti veriblər. Onlar əmlaklarının üzərindən həbsin götürülməsini istəyiblər. Bundan başqa, cinayət işi üzrə bir neçə zərərçəkmiş də Ali Məhkəməyə müraciət edib. Bütün şikayətlər araşdırılması üçün bir icraatda birləşdirilib.
Qeyd edək ki, Akif Çovdarov, Səlim Məmmədov, Orxan Osmanov, həmçinin onların vəkilləri tərəfindən kasasiya şikayəti verilib. Onlar günahsız olduqlarını, barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il, Orxan Osmanov 4 il azadlıqdan məhrum ediliblər. Məhkəmə Akif Çovdarov və digərlərinin rütbəsinin alınması barədə xüsusi qərar da çıxarıb. Həmçinin Akif Çovdarov və digərlərinə məxsus, üzərinə həbs qoyulmuş əmlakların müsadirə olunması barədə qərar qəbul edilib. (Oxu.az)