MTN-in İstintaq Baş idarəsinin sabiq rəsi Mövlam Şixəliyevin istintaqı yekunlaşır –

RƏSMİ
07 Sentyabr 2021 - 18:23

Azərbaycan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisi, general Mövlam Şixəliyevin barəsində Baş Prokurorluğun İstintaq İdarəsində istintaqı aparılan cinayət işi üzrə istintaq yekunlaşmaq üzrədir.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti APA-nın sorğusuna cavab olaraq bildirib.

“Bu barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin olunacaq”, – deyə Baş Prokurorluqdan deyilib.

Qeyd edək ki, istintaqla Şixəliyev Mövlam Məmmədismayıl oğlunun MTN-nin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində işlədiyi dövrdə tabeliyində olan şəxslərlə birlikdə 9 halda cinayət işləri üzrə sübutları saxtalaşdırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif korrupsiya cinayətləri törədərək külli miqdarda rüşvət tələb etməsinə və almasına, 4 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə qorxu ilə tələb edərək ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Mövlan Şıxəliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (ağırlaşdırıcı hallarda hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma), 341.2.1, 341.2.3 (ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham elan olunub və barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.