Müxalifət partiyaları seçkiyə neçə namizədlə qatılıb? –18 nəfər artıq iştirakdan imtina edib (RƏQƏMLƏR)

Parlamentə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərdə iştirak etmək üçün namizədliklərini irəli sürmüş 18 nəfər son iki gündə seçkidə iştirakdan imtina edib.

 Bu barədə Mərkəzi Seçki Komissiyasının saytında məlumat yerləşdirilib.

Bildirilib ki, fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib. İndiyə qədər 1542 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. MSK sədri Məzahir Pənahov yanvarın 19-da bildirmişdi ki, 1560 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Statistikada fərq 18 nəfərin namizədliyini geri götürdüyünü göstərir.

Növbədənkənar parlament seçkilərində ən çox namizəd hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb, 123 nəfər.

Müsavat Partiyası 60 dairədən 64 namizədlə seçkiyə qatılıb. “ReAL Cümhuriyyətçilər İttifaqı” 31 namizədlə seçkilərə qatılır. Partiyanın sədri İlqar Məmmədov və üzvləri Rəsul Cəfərov, Zaur Qurbanlı seçkilərə buraxılmadı. “Hərəkət Seçki Bloku” 18 nəfərlə seçkilərə qatılsa da, 16 nəfərin namizədliyi qeydə alındı. 30 nəfər Demokrat Partiyasından namizədliyini irəli sürsə də, 10 nəfəri qeydə alınıb. Ana Vətən Partiyasından 62 nəfər namizəd olmaq üçün sənədlərini DSK-lara təqdim etmişdi, amma 14 nəfərin namizədliyi qeydə alındı. Ümid Partiyasından 80-dən çox şəxs namizədliyini irəli sürsə də, onlardan 21 nəfəri qeydə alındı. Müasir Müsavat Partiyasının 8 nəfər üzvündən 5-i qeydə alınıb. Azərbaycan Milli İstiqlal Partiyası isə 9 nəfərlə seçkilərə qatılacaq, halbuki, 16 nəfər namizədliyini irəli sürmüşdü.

Növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçirilməli idi. 2019-cu il dekabrın 2-də də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından olan deputatların təşəbbüsü ilə Milli Məclis onun buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət edib. Dekabrın 5-də prezident növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. (Meydan TV)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda koronovirusa yoluxma halı varmı?

Sonrakı məqalə

Azərbaycanda şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır