“Nəzarətsiz erməni silahlı birləşmələrinin bir hissəsi təslim olmaq istəmir” –

Prezident Qarabağda Türkiyə Mərkəzinin prioritetlərini açıqladı
31 Dekabr 2020 - 15:23

“Türkiyə-Rusiya Monitorinq Mərkəzi ilə bağlı Azərbaycan öz öhdəliyini yerinə yetirir. Azərbaycan tərəfi indi Ağdam bölgəsində bu Monitorinq Mərkəzi üçün bina inşa edir. Bu Monitorinq Mərkəzi yaxın 10 günə – maksimum iki həftəyə hazır olacaqdır. Bildiyimə görə, artıq Türkiyə tərəfi də fəaliyyətə başlamaq üçün tam hazırdır”.

Azpost.info bildirir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyənin müdafiə naziri Hulusi Akarı qəbul edərkən bildirib.

“Yəqin ki, siz Rusiya tərəfi ilə də təmaslardasınız, Monitorinq Mərkəzi nə qədər tez fəaliyyətə başlasa o qədər də yaxşıdır. Çünki müharibədən təxminən iki ay keçməsinə baxmayaraq, hələ də təhdidlər, təhlükələr var. Nəzarətsiz erməni silahlı birləşmələri bizim ərazimizdə fəaliyyət göstərirlər və onların bir hissəsi çıxmaq, təslim olmaq istəmirlər. Ona görə, bu təhdidi aradan qaldırmaq və gələcəkdə bütövlükdə bölgəmizdə sülhün, sabitliyin təmin edilməsi üçün Monitorinq Mərkəzi mütləq olmalıdır”-deyə dövlət başçısı bildirib.

Dövlət başçısı vurğulayıb ki, Ermənistanda bəzi siyasi qüvvələr revanşist fikirlərlə yaşayırlar,: “Açıq bəyanatlar verirlər ki, gün gələcək onlar Azərbaycana qarşı müharibə aparacaqlar, Azərbaycan torpaqlarını işğal edəcəklər. Bu, onlar üçün özünəqəsd olacaq. Təbii ki, belə cəhdlər dərhal yerindəcə aradan qaldırılacaq, ancaq bu təhdidlər var. Ona görə bu bölgədə monitorinq, nəzarət aparılmalıdır və Türkiyə-Rusiya mərkəzi bu funksiyanı əminəm ki, şərəflə yerinə yetirəcəkdir”.