Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropa İttifaqına üzvlük məsələsini gündəliyə daxil etmək niyyətində olduğu ABŞ prezidenti Co Bayden və dövlət katibi Entoni Blinkenə əvvəlcədən məlumat verilib. Bundan sonra yeni “yol xəritəsi” hazırlanıb.
Azpost.info bildirir ki, bu barədə “Hurriyyet” öz mənbələrinə istinadən məlumat verib.
Bazar ertəsi Ərdoğan bildirib ki, İsveçin NATO-ya daxil olması Türkiyənin Avropa İttifaqına qəbulundan sonra mümkün olacaq. Bu bəyanatdan sonra elə həmin gün NATO baş katibi Yens Stoltenberq bildirib ki, Ərdoğan İsveçin NATO üzvlüyü ilə bağlı müraciətini Türkiyə parlamentinə ratifikasiya etmək üçün sənədləri “mümkün qədər tez” göndərməyə razılaşıb.
Eyni zamanda, Stoltenberq konkret tarixlər qeyd etməyib. “RİA Novosti”-nin Ankaradakı mənbəsi bildirib ki, İsveçin NATO-ya üzvlük üçün müraciətinə Türkiyə parlamenti tərəfindən baxılması üçün konkret müddət yoxdur, prosedur vaxt aparacaq.
“NATO sammiti başlamazdan əvvəl xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Blinkenə Türkiyənin Aİ məsələsini gündəmə gətirəcəyini bildirib. Hələ Klinton administrasiyası dövründən Türkiyənin Aİ-yə üzvlük prosesini dəstəkləyən Blinken Fidanla telefon danışığı zamanı bu təklifi təsdiqləyib. Blinken və Hakan Fidan arasında telefon danışığından sonra prezident Ərdoğan eyni mesajı ABŞ prezidenti Baydenə də göndərib. Bu qəfil təklifdən təəccüblənən Bayden dərhal Türkiyənin siyasətini dəstəkləyəcəyini bəyan edib. Bundan sonra yeni yol xəritəsi qüvvəyə minib”-deyə mənbələr bildirib.
Türkiyə 1963-cü ildə Aİ ilə assosiasiya sazişi imzalayıb, 1987-ci ildə isə ittifaqa üzvlük üçün müraciət edib. Lakin üzvlüklə bağlı danışıqlar yalnız 2005-ci ildə başlayıb və fikir ayrılıqlarına görə dəfələrlə dayandırılıb.
Azpost.info
