“Zəngəzur dəhlizi: Regional əməkdaşlıq perspektivləri və
sosial-siyasi aspektləri” ictimai rəydə
Sosial Tədqiqatlar Mərkəzi tərəfindən “Zəngəzur dəhlizi: regional əməkdaşlıq perspektivləri və sosial-siyasi aspektləri” mövzusunda sosioloji sorğular keçirilib və nəticələr əsasında analitik hesabat hazırlanıb.
Tədqiqatın hazırlanması 44 günlük Vətən müharibəsində qazanılan qələbə və postkonflikt dövründə yaranan yeni geosiyasi və geoiqtisadi reallıqlar şəraitində mümkün olub. Tədqiqatın əsas məqsədi Naxçıvan MR-da yaşayan vətəndaşların yeni yaranan imkanlardan faydalanmaq niyyətlərini müəyyən etmək, regionun spesifik xüsusiyyətlərini nəzərə alaraq siyasi və sosial-iqtisadi amilləri üzə çıxarmaq kimi müəyyən edilib.
Tədqiqat kəmiyyət və keyfiyyət metodologiyası əsasında aparılıb. 2022-ci ilin 15 oktyabr – 19 oktyabr tarixləri ərzində Naxçıvan MR-da məskunlaşan 386 respondent arasında rəy sorğusi keçirilib. Sorğular telefonla müsahibə formasında keçirilib, könüllü iştirak və anonimlik prinsipləri təmin edilib. Naxçıvan MR-nın 8 rayonu üzrə seçmə çərçivəsi əhali sayına proporsional müəyyən edilib və gender balansı qorunub. Sözügedən rayonlara (şəhərlərə) aid stasionar telefon nömrələri məlumat bazasından təsadüfi qaydada seçilib və zənglər edilib. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.
Sorğu anketinə 20 əsas, 8 sosio-demoqrafik olmaqla ümumilikdə 28 sual daxil edilib. Sorğunun orta davam etmə müddəti 11 dəqiqə 35 saniyə təşkil edib. Sahə işi SurveyToGo proqramından istifadə edilib və nəticələr SPSS proqramı vasitəsilə təhlil olunub.
Sorğu nəticələrinin təhlilinə əsasən, respondentlərin 47,9%-i Zəngəzurun tarixi haqqında məlumatlı olduğu halda, 52,1%-i bu haqda məlumatsızdır.
Rəy sorğusu əsasında respondentlərin Zəngəzur dəhlizinin mahiyyəti ilə bağlı fikirləri soruşulub və onlara bir neçə cavab variantı qeyd etmək imkanı verilib. Bu səbəbdən nəticələrin cəmi 100%-dən fərqlənir.
• Rəyi soruşulanların 63,3%-i Zəngəzur dəhlizini Azərbaycan-Naxçıvan və Türkiyəni birləşdirən ən qısa yol kimi görür.
• Respondentlərin 54,2%-i Zəngəzur dəhlizini Naxçıvan MR-nın iqtisadi blokadadan çıxarılması kimi ifadə edib.
• Sorğu iştirakçılarının 18,0%-nin fikrincə Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub nəqliyyat əlaqəsinin tərkib hissəsidir.
• Respondentlərin 17,7%-i qeyd edib ki, Zəngəzur dəhlizi Türk Dövlətləri Təşkilatının inteqrasiya platformasıdır.
• Tədqiqatda rəyi soruşulanların 16,4%-i düşünür ki, Zəngəzur dəhlizi regionun iqtisadi və nəqliyyat əlaqələrinin şaxələndirilməsidir.
• Sorğu iştirakçılarının 10,4%-i qeyd edib ki, Zəngəzur dəhlizi qələbəmiz kontekstində yeni geosiyasi reallıqdır.
• Respondentlərin 1,3%-i digər cavab variantlarını qeyd edib, 7,3%-i fikir bildirməkdə çətinlik çəkib.
Zəngəzur dəhlizinin nəqliyyat imkanlarının qiymətləndirilməsi
• Respondentlərin 89,1%-i gələcəkdə Azərbaycanın digər regionlarına səyahət edərkən Zəngəzur dəhlizindən istifadə edəcəyini vurğulayıb.
• Rəyi soruşulanların 5,0%-i qeyd edib ki, gələcəkdə Azərbaycanın digər regionlarına səyahət edərkən həm Zəngəzur dəhlizindən istifadə edəcək, həm də İran üzərindən gedən ənənəvi yola üstünlük verəcək.
• Sorğuda iştirak edənlərin 2,6%-i İran üzərindən gedən ənənəvi yola üstünlük verəcəyini vurğulayıb.
• Respondentlərin 2,3%-i qeyd edir ki, heç bir yoldan istifadə etməyəcək.