Nazir QHT-lər üçün qrant müsabiqəsinin gecikməsinə aydınlıq gətirib

12 Noyabr 2021 - 10:21

Maliyyə naziri Samir Şərifov bu il Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin QHT-lərin layihələrinin maliyyələşdirilməsi üçün qrant müsabiqəsi elan etməsinin gecikməsi və problemin səbəbinin Maliyyə Nazirliyi və Nazirlər Kabinetindən qaynaqlanması ilə bağlı iddialara münasibət bildirib.

Maliyyə naziri APA-ya açıqlamasında deyib ki, problemin Maliyyə Nazirliyi və Nazirlər Kabinetindən qaynaqlanması barədə deyilənlər əsassızdır: “Maliyyə Nazirliyi və Nazirlər Kabinetinin nə marağı var? Sadəcə, Agentlik yeni yaradıldığına görə müvafiq idarəetmə strukturlarının formalaşmasında müəyyən ləngimələr var. Proses başa çatan kimi bu işlər də görüləcək. Bildiyim qədər, Agentlikdə qrantların ayrılmasına Agentliyin Müşahidə Şurası tərəfindən baxılır. Həmin Şuranın tərkibi dəyişib, ləngimələr də bununla bağlıdır. Yəni problem onlarla bağlıdır. Vəsait var, bu vəsait də həmin quruma ayrılıb, buyursunlar, müvafiq qərar verib, vəsaitlərindən istifadə etsinlər”.