“Neft qiyməti 100 dollara çata bilər” –

İtaliyanın “Eni” şirkətinin rəhbəri
15 Noyabr 2021 - 15:38

Qlobal enerji şirkətlərinin lazımi sərmayələr yatırmaması səbəbindən neft qiymətləri qısa müddətlik də olsa, 100 dollar/barel səviyyəsinə yüksələ bilər.

Bu sözləri İtaliyanın “Eni” neft şirkətinin baş direktoru Klaudio Deskalzi deyib.

“Neft qiymətləri bəlkə də bu səviyyəyə çata bilər. Lakin bu, çox uzunmüddətli olmayacaq. Qiymətlər yüksək olduqda, bu, istehlakçıların enerji istifadəsini azaltmalarına səbəb olacaq”, – deyə o qeyd edib.

Baş direktor deyib ki, tədarükün azalması səbəbindən qiymətlər struktur olaraq güclüdür. Yeddi il və ya daha uzun müddətdir ki, neft sənayesinə kifayət qədər sərmayə qoyulmayıb. Hazırda yatırılan investisiyalar 2013-cü ildəki göstəricinin təxminən 50 faizinə bərabərdir. Qlobal neft istehlakı sutkalıq 100 milyon barelə və ya rekord həddə çatır.

Tələb və təklif arasında fərqin yarandığını deyən K.Deskalzi neft şirkətlərinin yenidən investisiya qoyuluşlarına başlamasının müəyyən vaxt alacağını bildirib.

Qeyd edək ki, COVID-19 pandemiyası fonunda iqtisadiyyatların bərpası və “OPEC+” koalisiyasının tədarükü azaltması nəticəsində xam neft qiymətləri cari ildə təxminən 60 faiz artaraq 80 dollar/barel səviyyəsinə çatıb.