Cavab oyununda vəziyyəti dəyişməyə çalışacağıq.
AZƏRTAC xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Yuri Vernidub UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Dinamo” (Minsk) komandasına 2:4 hesabı ilə uduzduqları ilk oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis məğlubiyyətə görə məsuliyyət daşıdığını bildirib: “Bu nəticəyə görə günahı öz üzərimə götürürəm. Komandamız oyuna yaxşı başladı, ilk 15-20 dəqiqədə üstün oyun nümayiş etdirdi və iki qol vurdu. Daha sonra isə səhvlər buraxdıq. Emil Balayev birinci hissədə zədələnsə də, oyunu davam etdirdi. Buna baxmayaraq, qapımızda qol gördük. Fasiləyə üstün yollanmışdıq və komandanın əhval-ruhiyyəsi yüksək idi. Təəssüf ki, buraxdığımız qolların hamısı fərdi səhvlərin nəticəsi oldu”.
Baş məşqçi komandasının yaratdığı imkanlardan yararlana bilmədiyini də vurğulayıb: “Əlverişli qol epizodlarımız oldu, lakin onları dəyərləndirə bilmədik. Futbolda sən vurmayanda, rəqib vurur. Bu oyunu ətraflı təhlil edib düzgün nəticələr çıxarmalıyıq. Futbolçular haqqında ayrıca danışmaq istəmirəm. Bunun doğru yanaşma olduğunu düşünmürəm”.
Vernidub istefa ehtimalına da münasibət bildirib: “Hazırda bütün diqqətimizi cavab görüşünə yönəltmişik. Səfərdə qalib gəlmək və vəziyyəti dəyişmək imkanımız var. Baş məşqçiyə işləmək üçün vaxt verilməlidir. Mütəmadi məşqçi dəyişikliyi uğur qazandırmır. Futbolda qələbə olduğu kimi, məğlubiyyət də var. Belə hallar qaçılmazdır”.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 30-da keçiriləcək. Bu cütün qalibi növbəti mərhələdə “Jelezniçar” (Serbiya) – “Braqa” (Portuqaliya) qarşılaşmasının qalibi ilə qarşılaşacaq.