İsrailin baş naziri Benyamin Netanyahunun böyük oğlu Yair Netanyahu ABŞ-dan vətəninə qayıtmağı və Fələstinin radikal HƏMAS hərəkatına qarşı döyüşməyi planlaşdırmır.
Azpost.info bildirir ki, bu barədə “The Times” yazır.
Nəşrin məlumatına görə, İsrail Müdafiə Qüvvələrinin (IDF) üzvləri Yairi bu seçiminə görə qınayıblar. Əsgərlərin sözlərinə görə, baş nazirin oğlu ölkəsinə arxa çevirib.
Əsgərlərdən biri “Mən cəbhə xəttində olarkən Yair Mayami-Biçdə həyatdan həzz alır” deyə bildirib.
Digər bir İsrail hərbçisi Yairin belə bir vəziyyətdə xalqını necə tərk edə biləcəyini başa düşmədiyini söyləyib.
Fələstin-İsrail qarşıdurması oktyabrın 7-də başlanıb. Həmin gün İsrail Qəzza zolağından raket atəşinə tutulub. HƏMAS nümayəndələrinin başlatdığı “Əl-Əqsa tufanı” əməliyyatına başladıqlarını bəyan ediblər.
İsrail Ordusu Qəzza zolağında cavab əməliyyatı “Dəmir Qılınclar” əməliyyatı keçirdiyini açıqlayıb.