Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Rusiyanın “Nezavisimaya qazeta” nəşrində çıxmış məlumatı şərh edib.
XİN-dən verilən xəbərə görə, L. Abdullayeva bildirib ki, növbəti dəfədir Azərbaycana qarşı heç bir əsası olmayan, hər hansı fakta və etibarlı mənbəyə söykənməyən və tamamilə dezinformasiya xarakterli məlumatın yayılması müşahidə edilir: “Bunu ölkəmizə qarşı böhtan xarakterli, çirkin kampaniya kimi qiymətləndiririk.
Bu saxta kampaniyanın arxasında Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində Yaxın Şərq bölgəsindən muzdluları və terrorçuları cəlb etmiş Ermənistanın durduğu heç bir şübhə doğurmur. ASALA terror təşkilatının rəhbərlərindən olan və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalında birbaşa iştirak edən, Amerika əsilli və uzun illər Livanda terrorçu təşkilatın üzvü kimi fəaliyyət göstərən Monte Melkonyanın Ermənistanın milli qəhrəmanı elan olunması, hətta bu qatı terrorçunun “qəhrəmanlığının” Ermənistanda orta məktəb dərsliyinə daxil edilməsi hər kəsə yaxşı bəllidir”.
L. Abdullayeva bildirib ki, hazırda səfərbərlik ehtiyatları problemi ilə üzləşən və könüllülük əsasında silahlı dəstələri, o cümlədən xarici muzdlu döyüşçüləri öz ordusuna cəlb etməyi planlaşdıran Ermənistanın Azərbaycana qarşı bu kimi yalan məlumatları yaymaqla məqsədi beynəlxalq ictimaiyyətin diqqətini öz mənfur planlarından yayındırmaqdır: “Vurğulayırıq ki, Azərbaycanın güclü və peşəkar ordusu var və düşmən qüvvələrinin layiqli cavabını vermək üçün, eləcə də beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etmək üçün ölkəmizin heç bir kənar qüvvəyə ehtiyacı yoxdur”.