Niyaz Niftiyev sərbəst buraxılıb

17 Aprel 2020 - 21:44

Binəqədi bələdiyyəsinin sədri Niyaz Niftiyev, Bələdiyyə Gəlirlərinin və Yerli Vergilər Şöbəsinin rəisi Sahib Abışov barəsində polis nəzarətində qətimkan tədbiri seçilib. 

APA-nın məlumatına görə, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar verib. Qərara əsasən, hər iki şəxs barəsində polis nəzarətində qətimkan tədbiri seçilib və sərbəst buraxılıblar.

Məlumata görə, iş üzrə daha bir nəfər istintaqa cəlb edilib. Araşdırma zamanı Niyaz Niftiyevin saxta olduğu deyilən 431 aratışdan sadəcə 3-də imzası olduğu məlum olub. Həmin arayışların isə saxta olmadığı, kiçik ticarətlə məşğul olan şəxslərə verildiyi məlum olub.

N.Niftiyev vəkili vasitəsi ilə mətbuata ətraflı məlumat verəcəyini bildirib.

Cinayət işi ilə bağlı araşdırma davam edir.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğun rəsmi məlumatında bildirilirdi ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən xüsusi tədbir nəticəsində Binəqədi qəsəbəsi Bələdiyyəsinin sədri Niyaz Niftiyev və həmin qurumun Bələdiyyə Gəlirlərinin və Yerli Vergilər Şöbəsinin rəisi Sahib Abışov xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə onların qəsəbə ərazisində guya meyvə-tərəvəz və digər yeyinti məhsullarının satışı ilə məşğul olduqları barədə saxta arayışlar satan zaman xidməti otaqlarında saxlanılıblar.

Qeyd edək ki, N.Niftiyev uzun müddət jurnalist fəaliyyəti ilə məşğul olub. Azadinform.az saytının rəhbəri idi. Niyaz Niftiyev həm də Mətbuat Şurası İdarə Heyətinin üzvüdür.