Okeanda dünən itkin düşən sualtı qayıqda milyarder turist də var

“Titanik” gəmisnin qalıqlarına baxmaq üçün Atlantik okeanına turist səyahəti təşkil edən Amerikanın “OceanGate Expeditions” şirkətinin prezidenti və qurucusu Stokton Raş da dünəndən bəri itkin düşən sualtı gəmidədir.

Azpost.info bildirir ki, bu barədə Britaniyanın Sky News telekanalı mənbələrə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Titan adlı batiskafda fransız akvanavtı Pol-Anri Narjolais də var. Daha əvvəl kanal xəbər vermişdi ki, okeana enən gəminin ekipajının itkin düşmüş üzvləri arasında təyyarələrin satışı və istismarı üzrə Action Aviation şirkətinin sahibi, britaniyalı milyarder Hemiş Hardinq də var.

“OceanGate Expeditions” Titanik sərnişin laynerinin batdığı yerə turistləri çatdırmaq üçün nəzərdə tutulmuş sualtı qayığın yoxa çıxdığını təsdiqləyib. ABŞ Sahil Mühafizəsinin Şimal-Şərq Bölməsinin məlumatına görə, sualtı qayığın göyərtəsində 5 nəfər var. Onlarla əlaqə dərinliyə endikdən təxminən 1 saat 45 dəqiqə sonra itib. Ümumilikdə bir gündən artıqdır onlarla əlaqə yoxdur.

Sky News bildirir ki, “Titan” sualtı qayığının uzunluğu  6,4 metrdir.  Miniven ölçüsündə olan gəmi 13,120 fut (4 km) dərinliyə enə və 96 saat ərzində içindəki insanları hava ilə təmin edə bilir.

Kanada Nyufaundlend sahillərindən 600 km aralıda, 3,8 km dərinlikdə olan Titanik gəmisinin qalıqlarına 10 günlük səyahət təxminən 250 min dollara başa gəlir. 2021-ci ildən bu yana  “OceanGate Expeditions” qəza yerinə 60-a yaxın turist və 15-20 tədqiqatçı gətirib.

 

Azpost.info

Əvvəlki məqalə

Almaniyada Avropanın ən böyük əyləncə parkı yanıb

Sonrakı məqalə

Britaniya və İsveç Çini Rusiyaya yardım etməməyə çağırıb