“Ölkədə 2 yaşından 90 yaşına qədər koronavirusa yoluxanlar var” –

TƏBİB-in sədri
08 Aprel 2020 - 19:05

“Bu gün koronavirusa yoluxmaların artması sosial məsuliyyətsizliyin nəticəsidir”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, virusun inkubasiya dövrü 14-21 gündür: “Görünür ki, bu dövrdə karantin rejiminin tələblərinə tam riayət edilməyib”.

R. Bayramlı qeyd edib ki, dövlət karantinə cəlb edilən insanların ərzaq təminatını öz üzərinə götürüb: “Bir daha qeyd edim ki, yoluxmaların sayının artması sosial məsuliyyətsizliklə bağlıdır. Onu da qeyd edim ki, 2 yaşından 90 yaşına qədər virusa yoluxanlar var. Eyni zamanda, sağalanlar arasında 82 yaşlı pasiyentimiz də var. Orqanizmdən asılı olaraq xəstəliyin gedişi fərqli olur. Beynəlxalq təcrübə araşdırılır. Təcrübə göstərir ki, yanaşı gedən xəstəlikləri olanlar vəfat edir. Bizdə də vəziyyət belədir. Hədəfimiz də odur ki, yaşlıları qoruyaq”.