Ölkədə 300 min nəfər ünvanlı dövlət sosial yardımı alır –

Nazirlik açıqladı
05 Oktyabr 2019 - 12:26

2006-cı ilin 1 yanvarından etibarən aztəminatlı ailələrə, yəni orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailələrə ünvanlı dövlət sosial yardımının (ÜDSY) təyinatına başlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, hazırda 70 mindən çox aztəminatlı ailə ünvanlı dövlət sosial yardımı alır. Həmin ailə üzvlərinin sayı 300 min nəfərə çatır. Bir ailəyə orta aylıq məbləğ 240 manata yaxındır. Müqayisə üçün deyək ki, bir ailəyə orta aylıq məbləğ 2018-ci ildə 174,6 manat olub. Əlavə olaraq bildirək ki, bu yardımı alan ailələrdə olan 1 yaşa qədər uşağa görə isə əlavə 55 manat aylıq müavinət verilir.

Qeyd edək ki, ÜDSY üçün müraciət elektron formada aparılır. Vətəndaşlar təmsil etdikləri ailənin ünvanlı dövlət sosial yardımı almaq hüququna baxılması üçün internet əlaqəsi olan istənilən yerdən müraciət etmək imkanına malikdirlər. Vətəndaşların e-sistemə daxil etdikləri məlumatların təhlili, qərar qəbul edilməsi prosesi sistem tərəfindən avtomatik olaraq yerinə yetirilir. Bu məhz sosial yardım sistemində şəffaflığın, ünvanlılığın və operativliyin təmin olunmasının göstəricisidir.