Bu ilin 6 ayı ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 4131 cinayət faktı aşkarlanıb.
Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun bu ilin 6 ayına həsr olunan hesabatında bildirilib. Qeyd edilib ki, onlardan 1493-ü narkotik vasitələrin qanunsuz satışı, 2391-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 191-i qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 56-sı isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 3 ton 466 kq 596,472 qr narkotik vasitələrin və psixotrop maddələrin 2 ton 142 kq 635,117 qr-nı heroin, 671 kq 044,478 qr-nı marixuana, 243 kq 092,165 qr-nı tiryək, 71 kq 560,56 qr-nı həşiş, 89,679 qr-nı kokain, 338 kq 174,473 qr-nı digər narkotik vasitələr və psixotrop maddələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 37 kq 012,1 qr güclü təsir edən maddə, 4,05 qr zəhərli maddə qanunsuz dövriyyədən götürülüb.