“Ölkədə həyata keçirilən uğurlu siyasətin, qazanılan nailiyyətlərin üzərinə kölgə salmaq məqsədilə müxtəlif uydurma məlumatlar yayır, vətəndaşla dövlət arasındakı birliyə xələl gətirməyə çalışırlar. Hətta daha da irəli gedərək ölkədə guya “klanlararası mübarizə”nin olduğunu söyləyirlər. Təbii ki, bütün bunlar sadəcə olaraq onların arzuları və məkrli niyyətləridir”.
Azpost.info bildirir ki, bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Siyavuş Novruzov hakim partiyanın saytı üçün yazdığı məqalədə qeyd edib.
S. Novruzovun sözlərinə görə, Azərbaycanda Heydər Əliyev siyasəti uğurla davam etdirilir, Prezident İlham Əliyevin rəhbərlik etdiyi vahid komandanın uğurlu fəaliyyəti ölkəmizin sürətli inkişafını təmin edir: “Həmçinin Azərbaycan xalqı öz Prezidentini dəstəkləyir, ölkəmizdə sıx xalq-iqtidar birliyi mövcuddur. Azərbaycan xalqına və dövlətinə qarşı istənilən qarayaxma kampaniyası, təxribat cəhdi isə hər zaman iflasa məhkumdur!”
S.Novruzov qeyd edib ki, Azərbaycan Prezidentinin ideyaları və təşəbbüsləri dünyada taleyüklü məsələlərin həllində vacib rol oynayır.
“Genişmiqyaslı struktur və kadr islahatlarının aparılması, idarəetmənin səmərəliliyinin artırılması və digər mühüm addımlar dövlət başçısının siyasi iradəsini, islahatların davamlı xarakter daşıdığını göstərir. Bütün bunlar isə Azərbaycanın uzunmüddətli inkişafını təmin edir”.
S.Novruzov bildirib ki, Mehriban xanım Əliyevanın fəaliyyəti Azərbaycanın inkişafında və imicinin daha da möhkəmlənməsində böyük əhəmiyyətə malikdir.
“Digər bir qürurverici məqam isə Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyasının Sədr müavini, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın həm ölkəmizin inkişafında, həm də Azərbaycanın dünyada qlobal rolunun artmasında böyük əhəmiyyətə malik olan səmərəli fəaliyyətidir. Mehriban xanım Əliyeva da möhtərəm Prezidentimiz İlham Əliyev kimi uğurlu fəaliyyəti ilə həm xalqa, dövlətə xidmət nümunəsi yaradıb, həm də dünyada xalqlararası əməkdaşlığın möhkəmlənməsinə güclənməsinə mühüm töhfələr verib. Xüsusilə də, onun təşəbbüsü ilə həyata keçirilən layihələr milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması baxımından müstəsna önəm daşıyır”.
Deputatın sözlərinə görə, Mehriban Əliyevanın fəaliyyəti qlobal məzmun daşıyır, ona görə də təkcə Azərbaycan xalqı tərəfindən deyil, beynəlxalq müstəvidə yüksək qiymətləndirilir: “O, mədəniyyətin təbliği, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafı işinə verdiyi töhfəyə, həmçinin ictimai, sosial və mədəni həyatda fəal iştirakına, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, humanizm prinsipinə sadiqliyinə görə müxtəlif nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb. Bu gün dünya miqyasında Mehriban xanım Əliyevanın fəaliyyəti böyük rəğbətlə qarşılanır, onun təşəbbüsləri və fəaliyyəti həm ölkəmizin, həm də bəşəriyyətin inkişafına xidmət göstərir”.
S.Novruzov yazıb ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan XXI əsrdə inkişaf yolunda addımlayan, üçrəngli bayrağı ən yüksək zirvələrdə dalğalanan qüdrətli dövlətdir: “Dövlətimizin başçısının və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın irəli sürdükləri təşəbbüslər Azərbaycanın dünyada rolunu artırır, nüfuzunu yüksəldir”.