Azərbaycanda vətəndaşlar ən çox bahalıqdan və süni qiymət artımınının tənzimlənməməsindən narahatdırlar.
Azpost.info bildirir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin Prezidentin cari ilin ilk dörd ayı (yanvar-aprel) üzrə keçirdiyi sosioloji sorğunun nəticələrinə açıqlanıb.
Sorğu çərçivəsində vətəndaşlardan hazırda Azərbaycanda əsas problemlər kimi hansı məsələləri gördükləri soruşulub. Respondentlər onları narahat edən problemlər arasında ilk sıralarda qiymətlərin bahalaşması (59,0%), narkomaniya (47,6%), süni qiymət artımının tənzimlənməməsi (46,7%) məsələlərini qeyd edib.
Dövlət başçısı tərəfindən aidiyyəti qurumlar qarşısında qaldırılan məsələlər, verilən tapşırıqlar ictimai gözləntiləri əks etdirir. Bu mənada vətəndaşların Prezidentdən əsas gözləntiləri eyni zamanda aidiyyəti qurumların fəaliyyətindən irəli gələn məqamlar kimi şərh oluna bilər. Sorğu nəticələrinə əsasən məşğulluğun təminatı və yeni iş yerlərinin yaradılması (80,6%), sosial rifahın daha da yaxşılaşdırılması (63,6%), şəhid ailələrinin, müharibə iştirakçılarının yaşayış vəziyyətinin yüksəldilməsi (54,2%) Prezidentdən ictimai gözləntilər arasında ilk sırada qərarlaşıb.
Sorğu çərçivəsində respondentlərdən cari ilin birinci rübünü ümumilikdə özü və ölkəmiz üçün necə dəyərləndirdiyi də soruşulub. Əldə olunan nəticələrə əsasən, 2022-ci ilin birinci rübü ümumilikdə vətəndaşlar (çox yaxşı 36,6%, əsasən yaxşı 45,7%) və ölkəmiz üçün (çox yaxşı 48,0%, əsasən yaxşı 39,7%) uğurlu olub. Bunun əksinə fikirləşənlər müvafiq olaraq 9,4% və 4,2% təşkil edir.
Sorğu Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonları üzrə keçirilib və 1081 respondentin rəyi öyrənilib.
Sosial Tədqiqatlar Mərkəzi prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ildə yaradılıb.
STM Azərbaycandaa ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil, ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edir, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edir.
Prezidentinin 11 fevral 2019-cu il tarixli sərəncamı ilə Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.