Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri baş tutdu.
Milli Məclisə seçkilər 125 seçki dairəsi və 6 min 478 seçki məntəqəsi üzrə keçirilib. Seçkilərdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.
Növbədənkənar seçkilərin önəmli xüsusiyyətlərindən biri də respublikamızın bütün ərazisində keçirilməsidir.
Uzun illər torpaq həsrəti çəkmiş seçicilərimizin bir hissəsi artıq müvəqqəti məskunlaşdıqları bölgələrdə deyil, öz ata-baba yurdlarında səs verdilər. İşğaldan azad olunmuş ərazilərimizə Böyük Qayıdış proqramı uğurla reallaşdırılır. Həmin ərazilərə köçənlərin sayı çoxaldıqca yeni seçki məntəqələrinin yaradılması zərirəti də artır. Bu məqsədlə həmin ərazilərdə bu il əlavə olaraq 8 yeni seçki məntəqəsi formalaşdırılıb.
Səsvermə ölkə üzrə bütün qaydalara uyğun olaraq təşkil edilmişdi.
Səsvermə başa çatdıqdan sonra müşahidə missiyalarının rəyləri açıqlanmağa başladı.
“Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyasının həmtəsisçisi, “Prioritet” Sosial Araşdırmalar İctimai Birliyinin rəhbəri Zaur İbrahimli seçki gününün müşahidəsi ilə bağlı keçirilən mətbuat konfransında bəyan etdi ki, parlament seçkilərində səsvermə prosesi ümumilikdə normal keçib, namizədlər tərəfindən hər hansı şikayət daxil olmayıb, seçicilərə seçki məntəqəsinin komissiya üzvləri və ya digər şəxslər tərəfindən seçimlərinə təsir edə biləcək təzyiq halları qeydə alınmayıb.
O qeyd edib ki, Seçki Müşahidə Koalisiyası 538 müşahidəçi ilə respublika üzrə 75 seçki dairəsində müşahidə aparıb:
“Müşahidəçilərimiz Xankəndi, Şuşa, Xocalı, Zəngilan, Füzuli, Laçın, həmçinin Naxçıvan Muxtar Respublikasında da olublar. Koalisiyanın müşahidəçiləri əsasən hər hansı məhdudiyyət olmadan seçki məntəqələrinə daxil ola bilsə də, bölgələri əhatə edən bəzi rayonlardakı bir neçə məntəqədə müxtəlif bəhanələrlə məntəqə sədrləri buna maneə yaratmağa çalışıb, lakin Koalisiyanın Mərkəzi Seçki Komissiyasına müraciətindən sonra problem operativ həllini tapıb.
Mərkəzi Seçki Komissiyası ölkə ictimaiyyətini səsvermənin gedişi və nəticələri haqqında davamlı məlumatlandırıb. Seçki məntəqələrində media subyektlərinin, jurnalistlərin peşə fəaliyyətini həyata keçirilməsinə tam şərait yaradılıb.
Səsvermə ümumilikdə, dinc şəraitdə keçib, seçki prosedurlarına əsasən əməl olunub. Müəyyən prosedur pozuntuları qeydə alınsa da, onlar sistematik və ya geniş yayılmış hal olmayıb, ümumi nəticələrə təsir etməyib”.
Z.İbrahimli qeyd edib ki, səsvermə prosesində şikayət və müraciət mexanizmləri bütün iştirakçılar üçün əlçatan olub: “Səyyar səsvermə prosesi qanunvericilik və qaydalara uyğun həyata keçirilib. Seçkilər cəmiyyətin müxtəlif təbəqələrinin, o cümlədən əlilliyi olan şəxslərin inklüziv iştirakını təmin etmək üçün tədbirlərlə əhatə olunub.
Gender təmsilçiliyi qənaətbəxş səviyyədə olub. Lakin təəssüflə bildiririk ki, səsvermə günü bəzi namizədlərin və onların nümayəndələrinin seçki məntəqələrində süni qalmaqal, şou yaratmağa, güc tətbiq edərək seçki prosesini pozmağa çalışması cəhdləri də müşahidə edilib, hesab edirik ki, belə hallar qəbuledilməzdir”.
“Mənim səsim” Seçki Monitorinq Koalisiyasının sentyabrın 1-də Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar parlament seçkilərinin səsvermə gününün müşahidəsi ilə bağlı bəyanatında deyilirdi ki, seçki günü müşahidə apardıqları 70 seçki dairəsi üzrə məntəqələrdə keçirilən növbədənkənar parlament seçkiləri şəffaf və ədalətli olub.
Sosioloji Tədqiqatlar Mərkəzi sentyabrın 1-də Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı keçirdiyi “exit-poll”un nəticələri YAP-ın qələbə qazandığını göstərdi.
“Exit-poll”un nəticələri göstərir ki, Yeni Azərbaycan Partiyasının namizədləri 45 dairədə ən çox səs topladılar.
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva sentyabrın 1-də keçirilmiş Milli Məclisə növbədənkənar seçkilərdə aparılmış müşahidələrin nəticələrini açıqlayarkən bildirib ki, parlament seçkiləri əhalinin yüksək fəallığı şəraitində, demokratik, azad, şəffaf, ədalətli, seçki qanunvericiliyi və beynəlxalq standartlarla müəyyən edilmiş qaydada, nizam-intizamla keçirilib.
“Əvvəlki illərdəki müsbət təcrübə nəzərə alınaraq, Müvəkkil, Ombudsman təsisatının və Naxçıvan Muxtar Respublikasının Ombudsman Aparatının ümumilikdə 72 nəfər əməkdaşı parlamentə növbədənkənar seçkilərdə müşahidəçi qismində respublika üzrə 117 seçki dairəsinin 897 seçki məntəqəsində – Bakıda və ölkəmizin digər 42 şəhər-rayonlarında və muxtar respublikada müstəqil olaraq, özlərinin təşəbbüsü ilə müşahidələr aparıb. Müşahidələr zamanı Ombudsman məntəqə seçki komissiyalarının üzvləri, müşahidəçilər və seçicilərlə bilavasitə görüşüb, səsvermə prosesi ilə bağlı onların rəylərini öyrənib. Pozuntu halları və hər hansı bir dövlət qurumunun, o cümlədən icra hakimiyyəti orqanının nümayəndələri və polis əməkdaşları tərəfindən müdaxilə müşahidə olunmayıb”, ombudsman Səbinə Əliyeva qeyd edib .
Ombudsman Milli Məclisə növbədənkənar seçkilərdə vətəndaşların təməl hüququ olan seçki hüququnun qanunvericiliyə müvafiq olaraq təmin edildiyini diqqətə çatdırıb.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov seçkilərin nəticələrini şərh edərkən bildirib ki, Azərbaycanın yeni dövrə uğurlu transformasiyası və qarşıdakı yeni prioritetlərə uyğun tempdə inkişafın təmini üçün yeni parlament seçkiləri də tarixi zərurətdir.
Bəhruz Məhərrəmov qeyd edib ki, ilk növbədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunmasından sonra müstəqillik tariximizdə ilk dəfə bütün ölkə ərazisində parlament seçkilərinin keçirilməsi Konstitusiyanın 54-56 və 71-ci maddələrinə müvafiq olaraq, vətəndaşların dövlətin idarə olunmasında və cəmiyyətin siyasi həyatında maneəsiz iştirak, dövlət orqanlarına seçmək və seçilmək hüququnun qanunverici hakimiyyətə seçkilər fonunda təmin olunmasıdır: “Bu mənada bütün ölkə ərazisində keçirilmiş ilk prezident seçkilərindən sonra Azərbaycanda yeni dövrün tələbinə uyğun parlamentin formalaşdırılması tarixi-siyasi zərurətə çevrilib”.
Onun fikrincə, Milli Məclisə təklif edilən növbədənkənar seçkilər nəticəsində müstəqillik tariximizdə ilk dəfə olaraq seçkilər fiziki olaraq Qarabağ və Zəngəzuru da əhatələyəcək və həmin bölgəni təmsil edən deputatlar məhz bu ərazilərdə keçirilən seçkilər nəticəsində mandat alacaqlar.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin sözlərinə görə, ölkəmizin müstəqillik tarixində ilk dəfə olaraq ərazi bütövlüyü və suverenliyimizin tam bərpa edildiyi şəraitdə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi yeni tarixi dövrdə cəmiyyətin yeniləşdirilməsinə və daha genişmiqyaslı islahatların həyata keçirilməsinə xidmət edir. Cəmiyyətin aparıcı qüvvəsini təşkil edən Yeni Azərbaycan Partiyasının ilk dəfə olaraq bütün dairələrdən – 125 seçki dairəsindən öz namizədlərini irəli sürməsi zəngin ənənələri olan bu güclü və mütəşəkkil partiyanın böyük siyasi potensiala, etibarlı ehtiyat kadr bazasına malik olduğunu göstərir. Bu, həm də Yeni Azərbaycan Partiyasının növbəti dəfə qalib gəlmək əzmini, qələbə qazanmaq inamını aydın şəkildə nümayiş etdirir.
Milli Məclisə keçirilən seçkiləri çoxsaylı xarici müşahidəçilər və beynəlxalq media subyektlərinin təmsilçiləri izləyiblər.
Xatırladaq ki, seçkiləri müşahidə etmək üçün 51 beynəlxalq qurumdan və 69 ölkədən 598 nəfər akkreditə olunmuşdu.
Beynəlxalq müşahidəçilər də seçkinin təşkilindən razı qalıb.
TÜRKPA müşahidə missiyasının rəhbəri Ahmet Zenbilçi növbədənkənar parlament seçkilərinin ilkin nəticələri ilə bağlı keçirilən mətbuat konfransında bildirib ki, namizədlərin təşviqat dövründə sərbəst şəkildə kampaniya həyata keçirməsinə şərait yaradılıb. Bakı, Şamaxı və Qobustandakı seçki məntəqələrində səsvermə prosesini müşahidə ediblər.
Seçki günlərində Bakıda səfərdə olan Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri, Dövlət Dumasının deputatı Dmitri Savelyev AZƏRTAC -a müsahibəsində seçkinin nəticələrini və bu gün iki ölkə arasındakı münasibətlərdə açılan perspektivləri şərh edib.
O deyib ki, Azərbaycanda seçkilər obyektiv olaraq ən yüksək təşkilati səviyyədə, bütün beynəlxalq demokratik standartlara uyğun keçirilib. Yüksək fəallıq və bütün namizədlər üçün bərabər imkanların olduğu şəraitdə seçkilərin nəticələri Azərbaycanın hazırkı Prezidenti İlham Heydər oğlu Əliyevin partiyasının respublikada müstəsna nüfuzunu, etimadını və dəstəyini qoruduğunu əyani şəkildə təsdiqlədi. Yeni Azərbaycan Partiyasının Milli Məclisdə yer aldığı çoxluq, şübhəsiz ki, Azərbaycan rəhbərliyinin hazırkı mütərəqqi və müstəqil siyasi kursunun, o cümlədən Rusiya-Azərbaycan münasibətlərinin inkişafı məsələlərində də davam etdiriləcəyini göstərir.
Rusiyalı müşahidəçilərdən biri, Rusiya Federasiya Şurasının Elm, Təhsil və Mədəniyyət Komitəsi sədrinin birinci müavini İlyas Umaxanov “Vestnik Kavkaza” agentliyinə müsahibəsində bu seçkilərin Azərbaycan üçün əhəmiyyətindən danışaraq səsvermənin ölkəmizin bütün suveren ərazisində keçirildiyini qeyd edib.
MDB PA-nın Baş katibi Dmitri Kobitski parlament seçkilərinin monitorinqinin ilkin nəticələri ilə bağlı fikirlərini bölüşərək qeyd edib ki, müşahidəçilərdən heç biri səsvermənin təşkilinə dair hər hansı nöqsan qeydə almayıb. Onun sözlərinə görə, seçki məntəqələri və məntəqə seçki komissiyaları yaxşı hazırlanıb, yerli müşahidəçilərdən də heç bir şikayət daxil olmayıb.
Şuşadakı seçki məntəqəsində müşahidəçi qismində iştirak edən Britaniya Lordlar Palatasının üzvü Qurban Hosseyn də nəşrə müsahibəsində parlament seçkilərinin nöqsansız keçdiyini deyib.
Sentyabrın 1-də Azərbaycanın bütün suveren ərazisində keçirilən növbədənkənar parlament seçkiləri beynəlxalq mətbuatın diqqət mərkəzində saxlanılıb.
V.ABBAS
Yazı MEDİA-nın dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusunda hazırlanıb