Ölkədə pul kütləsi sürətlə artır:44,4 milyard manatın arxasında nə dayanır? / ŞƏRH

Azərbaycanda pul kütləsinin artım tempi real iqtisadi artımı əhəmiyyətli dərəcədə qabaqlayır.

İqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə, bu vəziyyət hazırda iqtisadiyyat üçün həm imkan, həm də potensial risk yaradır. Əsas məsələ isə dövriyyəyə daxil olan əlavə vəsaitin hansı istiqamətə yönəlməsidir.

Ekspertin təqdim etdiyi göstəricilərə görə, son bir ildə banklardan kənarda dövriyyədə olan nağd pulun həcmi – M0 13,9 faiz, nağd pulla yanaşı tələbli depozitləri də əhatə edən M1 17,5 faiz artıb. Manatla ifadə olunan daha geniş pul kütləsi – M2 isə 20,7 faiz artaraq 44,4 milyard manata çatıb.

Bu rəqəmlər pul artımının yalnız əhalinin əlində nağd vəsaitin çoxalması ilə bağlı olmadığını göstərir.

Banklardakı vəsait də artır

E.Əmirovun diqqət çəkdiyi məqamlardan biri banklardakı vəsaitlərin dinamikasıdır. Fiziki şəxslərin bank əmanətləri son bir ildə 15,8 faiz artıb.

Ekspert hesab edir ki, pul kütləsinin strukturunda baş verən dəyişiklik manatla yığımların və bank hesablarındakı vəsaitlərin də artdığını göstərir.

Bu prosesin əsas səbəblərindən biri kimi ölkədə xarici valyuta təklifinin yüksək olması göstərilir. Valyuta bazarında təklifin tələbi üstələməsi şəraitində Mərkəzi Bank bazara müdaxilə edərək xarici valyuta ala bilər. Əmirovun məlumatına görə, Mərkəzi Bank yalnız avqust ayında bazardan 1,5 milyard dollar alıb.

Valyuta alışının qarşılığında bazara manat daxil olur. Beləliklə, pul kütləsinin artmasına təsir edən amillərdən biri də valyuta bazarındakı bu prosesdir.

Banklarda 6,3 milyard manatlıq likvidlik profisiti

Pul vəsaitlərinin artması bank sektorunda da özünü göstərir. Ekspertin sözlərinə görə, bank sektorunda struktur likvidlik profisiti ilin əvvəlindən 2,2 dəfə artaraq 6,3 milyard manata çatıb.

Bu vəziyyətin müsbət tərəfi ondan ibarətdir ki, bankların kredit vermək imkanları genişlənir. Əmirovun açıqlamasında qeyd etdiyi kimi, iqtisadiyyata kredit qoyuluşları da son bir ildə 12,9 faiz artıb.

Yəni pul kütləsinin və bank resurslarının artması iqtisadi fəallığın maliyyələşdirilməsi üçün əlavə imkan yaradır.

Əsas sual: Pul hara gedir?

Məsələnin daha mürəkkəb tərəfi isə pul kütləsinin artımının real iqtisadi artımla müqayisəsidir.

Əmirovun təqdim etdiyi rəqəmlərə əsasən, son bir ildə:

M2 pul kütləsi – 20,7 faiz artıb;

kredit qoyuluşları – 12,9 faiz artıb;

əhalinin bank əmanətləri – 15,8 faiz artıb;

real iqtisadi artım – 1,2 faiz olub;

qeyri-neft-qaz sektorunda artım – 2,1 faiz təşkil edib;

qeyri-neft-qaz sektoruna investisiyaların real artımı – 1,4 faiz olub;

pərakəndə ticarətin real artımı – 3,9 faiz təşkil edib;

əhalinin nominal gəlirləri – 9,4 faiz artıb;

inflyasiya – 5,7 faiz olub.

Bu müqayisə pul kütləsinin artımının iqtisadiyyatın real istehsal potensialından xeyli yüksək tempdə getdiyini göstərir.

Artan pul fürsətdir, yoxsa risk?

Ekspertin fikrincə, burada əsas məsələ əlavə pulun hara yönəlməsidir.

Əgər bank sistemində yaranan vəsait investisiyaya, yeni istehsala, biznesin genişlənməsinə və məhsuldarlığın artmasına yönəlirsə, bu, iqtisadiyyat üçün imkan yaradır. Belə halda artan maliyyə resursları yeni müəssisələrin, iş yerlərinin və əlavə məhsul istehsalının yaranmasına xidmət edə bilər.

Amma vəsait əsasən istehlaka və aktivlərin qiymətinin yüksəlməsinə yönələrsə, vəziyyət fərqli ola bilər. Pul və kreditlərin artımı mal və xidmətlərin istehsal artımını əhəmiyyətli dərəcədə qabaqladıqda tələb yüksəlir, lakin təklif eyni sürətlə artmır. Bu isə gələcəkdə qiymətlərə və inflyasiyaya əlavə təzyiq yarada bilər.

Əmirov buna görə pul kütləsinin 20,7 faiz artımını nə yalnız müsbət, nə də yalnız mənfi hadisə kimi qiymətləndirir. Onun fikrincə, bu gün üçün söhbət daha çox iqtisadi fürsətdən gedir. Lakin həmin fürsətin gələcəkdə riskə çevrilib-çevrilməməsi artan vəsaitin nə qədərinin real iqtisadiyyata, xüsusilə də istehsala və investisiyaya yönəlməsindən asılı olacaq.

Başqa sözlə, iqtisadiyyat üçün əsas məsələ pulun nə qədər artması yox, artan pulun hansı dəyəri yaratmasıdır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.