Ölü arıları “yeyən” əncir –

Çiçəyi olmayan ağac necə meyvə verir? (MARAQLI)
18 Sentyabr 2021 - 14:37

Bu yaxında BBC-də bərabər əmək verdiyimiz dostum Elşən Şəhərli (Əliyev) mənə bir material göndərdi. Elşənin göndərdiyi kiçik yazı belə başlayırdı: “Ənciri daha yaxından tanıyacaqsız bir azdan. Onun arılar sayəsində var olduğunu öyrənəcək və bu dünya haqqında bildiyiniz bütün həqiqətləri şübhə altına almağa başlayacaqsınız”.

Deyəsən “Nauka i jizn” jurnalında oxumuşdum nə vaxtsa. Ancaq o vaxt “Sikonium”un içində baş verənləri beynimdə tam yerbəyer edə bilməmişdim. Elşənin göndərdiyini oxuduqdan sonra yazdım ki, əgər araşdıra bilsəm mütləq cızma-qara edib, dostlarımla paylaşacam.

Ertəsi gün oxuduqlarım haqda ucundan-qulağından 5 aydır xəstəliklə boğuşan əziz dostum Araza (Zeynalov) danışdım. O da maraqla yazını gözləyəcəyini dedi. Bu yazı Elşənin “pası”, Arazın marağı ilə çıxdı ortaya.

Ancaq oxuyacaqlarınızdan əndişə etməyin, qorxmayın…

***

Əncir texniki olaraq bir meyvə deyil. O, çiçəkləri tərs çevrilmiş bir “Sikonium”dur (Syconium). Yəni, əncirin meyvəsi içərisində toxumları olan bir qoruyucu qutudur. Əncir ağacı (Ficus sp.) alma və ya şaftalı kimi çiçək açmır. Bir çoxunuz çiçəklərin rüzgarla tozlandığını düşünəcək. Ancaq bu doğru deyil.

Bəs onda əncir necə yaranır? Çiçəyi olmayan bir bitki və ya ağac necə meyvə verir?

Əslində əncirin çox da gözəl çiçəkləri var. Ancaq çiçəklər ağacın budaqlarında deyil, əncir meyvəsinin içində açırlar. Əncirin çiçəkləri armud şəklindəki qoruyucu təbəqə – Sikonium içərisində açır, yetişir və sonra da yediyimiz meyvəyə çevrilir. Hər çiçək daha sonra “Aken” (Achene) adlanan tək toxumlu, sərt qabıqlı bir meyvə çıxarır. Hər əncir bir neçə akendən ibarətdir. Əncir yeyərkən biz əslində bir dənədən çox meyvə yeyirik.

Sikoniumda kiçik bir dəlik var. Yaradan və ya Əlahəzrət Təbiət (necə istəyirsiz elə qəbul edin) bu dəliyi arılar üçün yaradıb…

Milyonlarla il əvvəl bu və ya digər səbəbdən əncir ağacı çiçəklərini qorumaq istəmişdir. İçərisində yüzlərlə çiçək olan qoruyucu təbəqə belə yaranır. Ancaq çiçəkləri sikoniumun içinə alıb qorumaq üçün gizlədəndə belə bir problem yaranır: onları necə tozlandırılacaqlar? Hardasa 90 milyon il əvvəl əncir ağacının köməyinə kiçik qanadlı böcəklər gəlirlər.

Təkamül prosesində onlar əməkdaşlıq etməyə başladılar. “İlahi Kooperasiya” dedim mən buna. Yəni əncir xüsusi dizayn edilmiş sikoniuma sahib oldu, “Cücülər Dünyasında” isə Əncir Arıları (məsələn, Blastophaga psenes) yarandılar.

Məsələ belədir: hələ yetişməmiş meyvənin içindəki çiçəklər tozlanmaya hazır olanda əncir özünə xas bir qoxu ifraz edir. Bu qoxu qarşı cinsi “başdan çıxarmaq” üçündür. Və bu qoxu dişi arını əncir ağacına çəkməyə başlayır. Dişi arı yuxarıda qeyd etdiyim dəlikdən erkək sikoniuma girir. Girir, yumurtasını qoyur və elə oradaca ölür. Ölür, çünki sikoniumun girişi dardır, dəlikdən daxil olanda qanadları qırılır. Onun ölümü faciə deyil, çünki o, artıq missiyasını yerinə yetirib, həyat dövrəsi sona çatıb.

Meyvənin içində yavaş-yavaş irəliləyən dişi arı yumurtalarını gələcəkdə toxum olacaq çiçəklərə buraxır. Sonra yeni nəsillər doğulur: qanadsız kor erkəklər və qanadlı dişi arılar. Erkəklər dişiləri dölləyirlər (şəkildə arıların hərəkət edə biləcəyi syconium içərisində geniş bir boş otaq olduğu görülür), sonra da gəmirərək sikoniumdan çıxış yolu açır və ölürlər. Cütləşməyi bacaran erkək arılar anaları kimi ölürlər. Bu ölüm doğulduqları əncirin içində baş verir. Yəni erkək arılar doğulduqları əncirin içindən işıqlı dünyaya əsla çıxmırlar.

Xüsusi bioloji mexanizm prosesə nəzarət edir ki, içəridə bir neçə erkək arı olsun, yoxsa dişilər qapalı məkanda qalar, oradan çıxa bilməzlər. Çiçək tozuna (polen) bulaşmış dişilər erkək sikoniumun içindən çıxır və əncir ağacının ətrafında uçaraq yumurta qoymaq üçün əncir axtarırlar.

Əncir ağacının strategiyası belədir: arıların dişi çiçəklərə polen gətirməsini təmin etmək, arının strategiyası isə erkək əncirin içinə yumurtaları buraxmaqdır, çünki sikoniumun içində yumurtadan çıxacaq arılar yırtıcılardan qorunurlar. Burada önəmli olan yumurtaları dişi əncirə deyil, məhz erkək olana qoymaqdır. Belə ki, dişi sikoniumun quruluşu fərqlidir, burada yeni nəsil yetişdirmək olmur. Bu mürəkkəb sxem necə işləyir, nəyin hesabına? Bu proseslərdə təsadüf və şans əhəmiyyətli rol oynayır. Çünki təkamül prosesində əncir ağacının dişi və erkək sikoniumları bir-birinə çox oxşar hala gəliblər. Arı özünə sığınacaq seçəndə onları ayırd edə bilmir, daxili hissinə güvənərək bəyəndiyi əncirin içinə girir.

Sonrasını anlamaq çox çətin deyil: arı seçimini dəyişə bilmir, sikoniumun dar giriş dəliyi qanadlarını qırır. Əgər bəxti gətiribsə və erkək əncirin içinə giribsə yumurta qoya biləcək. Yox, əgər girdiyi əncir dişidirsə onda nəslini davam etdirə bilməyəcək. Ancaq istəmədən də olsa arı gətirdiyi çiçək tozları ilə əncirin çiçəklərini tozlandıracaq və əncir giləmeyvələri yetişəcək, arı özü isə daha sonra öləcək.

Daha məntiqli və daha becit düşünən oxucu sual edəcək: Sikoniumdakı arıların aqibəti necə olur, hara it-bat olurlar? Əgər o anda əncir yeyirsinizsə bu sual daha böyük marağa səbəb olur. Heç narahat olmayın, yediyiniz əncirin içərisində arı artıq yoxdur, daha doğrusu, sanki yoxdur, yəni müəyyən mənada yoxdur…

Vəziyyət əslində belədir: əncir arıları həqiqətən də əncirin içərisində ölürlər. Bundan sonra nə olur? Əncir ağacı sikoniumların içində fikain (ficain) adlı bir maddə sekresiya, yəni ifraz etməyə başlayırlar. Fikain arıları əridən çox güclü bir fermentdir, ərimədən sonra qalan qalıqlar isə bitki tərəfindən həzm edilir. Digər bir deyimlə bitki arıları yeyir.

Əncir yeyərkən dişlərinizin arasında xırçıldayanların arılar olduğunu düşünəcəksiz. Bu, əsla belə deyil, xırçıldayan əncirin tumlarıdır.

Əminəm ki, bu son dərəcə maraqlı prosesi oxuyandan sonra nəinki diksinəcək, əksinə gedib daha çox əncir alıb yeyəcəksiz. Çünki yediyiniz sikoniumun faydaları təxmin etdiyinizdən daha çoxdur. Məncə, Sikoniumun milyon illik təkamülü, onun tarixi və son dərəcə sürükləyici yaranma prosesi hər birinizin Təbiətə, Elmə, Rasional Biliklərə olan sevgi və istəyinizi artıracaqdır…

İbrahim Nəbioğlu