“Ölülər iki dəfə ölə bilməz…”– Volodin Estoniya və Latviyanı "topa tutdu"

“Rusiyanın Estoniya və Latviya ilə diplomatik münasibətləri ölü vəziyyətindədir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının sədri Vyaçeslav Volodin deyib.

“Müstəqilliklərini itirdikləri üçün bu ölkələrlə əməkdaşlıq mümkün deyil. Estoniya və Latviya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq qərarı çoxdan verilməli idi. Ölülər iki dəfə ölə bilməz”, – Volodin bildirib.

Duma sədrinin sözlərinə görə, Baltikyanı ölkələrin rəhbərliyi müstəqil dövlətlər qurmaqdan danışır, amma reallıqda bütün qərarlar Vaşinqtonda, Brüsseldə verilir və suverenlik itirilib: “Xalqın mənafeyinə məhəl qoyulmur, respublikaların əhalisinin dörddə bir azalıb, iqtisadi nəticələr Avropa İttifaqında ən pislərdəndir”.

Volodin əlavə edib ki, Estoniya və Latviyanın hakim rejimlərinin yaxşı bacardığı yeganə şey rusofobiyadır: “Milli azlıqların hüquqları pozulur, insanlara ana dilində danışmağa qadağa qoyulur, müstəqil jurnalistlər və hüquq müdafiəçiləri də təqib olunur”.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Estoniya ilə diplomitik münasibətlərin səviyyəsini aşağı salmaq qərarı verib. Estoniya səfiri XİN-ə çağırılıb və Tallinin Moskvaya qarşı hərəkətləri ilə əlaqədar etiraz notası təqdim edilib. Estoniyalı diplomatdan fevralın 7-dən gec olmayaraq Rusiya ərazisini tərk etmək tələb olunub. Buna cavab olaraq qarşı tərəf də eyni vaxtda Rusiya səfirindən Estoniyanı tərk etməyi tələb edib.

Bundan sonra Latviya Xarici İşlər Nazirliyi fevralın 24-dən Rusiya ilə diplomatik münasibətlərin səviyyəsinin azaldılacağını açıqlayıb. XİN rəhbəri Edqars Rinkeviç bildirib ki, bu qərar Rusiya Federasiyasının Ukraynadakı fəaliyyəti ilə bağlıdır.

Azpost.info

Əvvəlki məqalə

“Aztelekom”un baş direktoru vəzifəsindən istefa verib

Sonrakı məqalə

Rusiya Ukraynada “Armata” döyüş tanklarından niyə istifadə etmir?