Oqtay Gülalıyevin vəziyyəti yaxşılaşır –

FOTO
31 Yanvar 2020 - 08:46

Hüquq müdafiəçisi Oqtay Gülalıyevdə hidrosefalinin (baş beyinə maye yığılması) aradan qaldırılması üçün aparılan əməliyyatdan sonra onun vəziyyəti gündən-günə yaxşılaşır.

Əməliyyatı yanvarın 10-da İstanbuldakı “Amerika” hospitalında O.Gülalıyevi müalicə edən həkim Mehdi Sasani edib.

“Mən palataya daxil olanda və Oqtayın xanımı Füruzə deyəndə ki, Mehman gəlib,  yataqda yastıqlara söykənib oturan Oqtay gözlərini açdı, emosiyanın təzahürü hiss olunurdu”, – yanvarın 29-da  O.Gülalıyevə baş çəkmiş Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyib.

“Mən onun yanında oturdum, əlindən tutdum və onunla fərqli şeylər – ölkədəki vəziyyət, hüquq-müdafiə mühiti və s. haqda danışmağa başladım. Arada zarafatlar edirdim. “Məni eşidirsən?” deyə soruşanda, o, gözlərini açıb yumdu, sol əlini hərəkət etdirdi”, – M.Əliyev davam edib.

O qeyd edib ki, Oqtay gözlərini demək olar ki, iki saat açıq saxladı, baxmayaraq ki, bir ay əvvəl gözlərini açmaq bir irəliləyiş hesab olunurdu.

Assistentləri ilə birlikdə O.Gülalıyevi ziyarətə gələn doktor Sasani Oqtayın vəziyyətinin yaxşılaşması dinamikasından məmnun idi.

O, bunu göstərmək üçün Oqtayı çimdiklədi, Oqtay üzündəki ağrılı ifadə ilə buna kəskin reaksiya verdi. Həkim Oqtayı çağırdı. O da buna cavab olaraq gözlərini açdı.

“Ümumilikdə, müalicənin gedişindən razıyıq və sağalma dinamikasının sürətlənəcəyinə ümid edirik”, – doktor Sasani deyib.

Oqtay Gülalıyev oktyabrın 29-da svetoforun yaşıl işığında yolu keçərkən avtomobillə vurulub. Oktyabrın 30-da 18 saat gecikmə ilə əməliyyat edilib ki, bu da onu ölüm həddinə çatdırmışdı.

Noyabrın 5-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə hüquq müdafiəçisi müalicə üçün Türkiyəyə göndərilib. Müalicənin maliyyələşdirilməsini Heydər Əliyev Fondu öz üzərinə götürüb.