Ukraynadakı rus qrupunun komandir müavini general Sergey Surovikin Yevgeni Priqojinin Rusiya hərbi rəhbərliyinə qarşı qiyam planlarından əvvəlcədən xəbərdar idi.
Azpost.info xəbər verir ki, bunu “The New York Times” kəşfiyyat məlumatlarından xəbəri olan ABŞ rəsmilərinə istinadən yazır.
Rəsmilərin sözlərinə görə, indi Surovikinin 23 illik hakimiyyətdə Rusiya prezidenti Vladimir Putin üçün ən ciddi təhlükəyə çevrilən qiyamı planlaşdırmağa kömək edib-etmədiyi araşdırılır.
ABŞ kəşfiyyatı Priqojinin Rusiya Müdafiə Nazirliyinin rəhbərliyini dəyişmək cəhdində digər rus generallarının dəstəyinə dair əlamətlər görür. ABŞ-ın indiki və keçmiş rəsmiləri deyirlər ki, “Vaqner” şefi hakimiyyətdə olan hansısa şəxslərin ona kömək edəcəyinə inanmasaydı, qiyam etməzdi.
Surovikin ötən payızda Rusiyanın bir sıra məğlubiyyətlərindən sonra Ukraynadakı rus qrupunun komandiri təyin edildi. Cəbhə xətti boyunca müdafiəni gücləndirdi və qoşunları Xersondan çıxardı. Yanvarda Putin onu Baş Qərargah rəisi Valeri Gerasimovla əvəzləyərək generalı komandir müavini vəzifəsində qoydu.
“The New York Times” qeyd edir ki, ümumiyyətlə, qiyam cəhdi Putin və Priqojin tərəfdarları arasında geniş parçalanmanın olduğunu göstərə bilər. Nəşrin mənbələrinə görə, bu vəziyyətdə Putin Surovikinin qiyamda iştirak edib-etmədiyinə özü əmin olmalı və buna necə cavab verəcəyinə qərar verməlidir.
ABŞ-ın keçmiş rəsmiləri deyirlər ki, Surovkinin qiyamçıların planlarından xəbərdar olduğu, lakin heç nə etmədiyi təsdiqlənərsə, Putin generalı işdən çıxara bilər. Eyni zamanda, nəşr hesab edir ki, ABŞ rəsmiləri Surovikinin nüfuzuna xələl gətirən məlumatların yayılmasında maraqlıdırlar, çünki onu Rusiya komandanlığının ən bacarıqlı və amansız nümayəndəsi hesab edirlər.
Nəşrin həmsöhbətlərinin fikrincə, onun vəzifədən uzaqlaşdırılması Ukraynanın xeyrinə olacaq.
Surovikin qiyam başlayandan sonra Priqojinə müraciət edən ilk general olub. O, Priqojini prezidentin iradə və əmrinə tabe olmağa, daxili siyasi vəziyyəti gərginləşdirməməyə çağırıb. Buna cavab olaraq “Vaqner”in teleqram kanalı onu bu sözlərlə hədələyib: “Əlləri titrəyərək musiqiçiləri dayanmağa çağıran bütün generallar əslində öz hökmlərini imzalayıblar. Tribunal mütləq olacaq. Surovikin Xersonun təslim olmasına cavab verəcək”.
Azpost.info
