Ötən il dünya turizm sektoru 4.5 trilyon dollar itirib –

Dünya Səyahət və Turizm Şurası
26 May 2021 - 21:38

“The Associated Press” agentliyi isə turizmdən asılı ölkələrin pandemiyanın zərbə vurduğu iqtisadiyyatlarını dirçəltmək naminə sərhədləri açmaq üçün yarışmalarından yazıb.

Dünya Səyahət və Turizm Şurasının hesablamasına görə, ötən il bu sektorun itkisi 4.5 trilyon dollar və 62 milyon iş yeri olub. Ötən il hava nəqliyyatı şirkətləri 126 milyard dollar itiriblər və bu ilin itkisi 48 milyard dollar ola bilər.

Agentlik yazır ki, COVID-19-a qarşı vaksinasiya sürətləndikcə bir çox ölkə rəsmiləri turist qəbulu üçün tələsir: “Yay bazarların çoxu, özəlliklə Avropa və Britaniya üçün güclü mövsümdür. Qadağaların yüngülləşəcəyinə ümid edirik”, – Dünya Səyahət və Turizm Şurasının müvəqqəti lideri Virciniya Messina deyib.

Kiprdə otel meneceri Konstantinos Viktoras son iki həftədə ölkədə yoluxma səviyyəsinin xeyli azaldığını qeyd edib. Amma onun fikrincə, durum iyunun sonuna tam aydınlaşar. “Hazırda qeyri-müəyyənlik çox böyükdür”, – o vurğulayıb.

İsveçdən bir cütlük isə agentliyə deyib ki, pandemiyadan yorulduqlarından adaya tətilə gediblər. Onların sözlərinə görə, adamlar sadəcə, öz həyatlarını yaşamaq, normal tempə qayıtmaq istəyirlər.