Ötən il ərzaq təhlükəsizliyinə xərclənən vəsait məlum olub

Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 454,8 milyon manat sərf edilib.

“Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ında yer alıb.

Hesabatda qeyd edilir ki, aqrar sahədə aparılan islahat tədbirlərinə uyğun olaraq işğaldan azad olunmuş ərazilərdən yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi ilə bağlı tələb olunan əlavə xərclər də nəzərə alınmaqla, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 454,8 milyon manat və ya bu məqsəd üçün dövlət büdcəsindən ayrılmış 467,5 milyon manat məbləğində vəsaitin 97,3 faizi sərf edilib ki, bu da 2020-ci illə müqayisədə 52,2 milyon manat və ya 13,0 faiz çoxdur.

Bu tədbirlər çərçivəsində kənd təsərrüfatı bitkilərinin becərilməsi məqsədilə fermerlərə əkin subsidiyasının verilməsi üçün 263,4 milyon manat, kənd təsərrüfatı texnikalarının, texnoloji avadanlıqlarının və suvarma sistemlərinin qiymətlərinə güzəştlərin tətbiq edilməsi üçün 80,0 milyon manat, təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə tədarükçülərə məhsul subsidiyasının verilməsi üçün 32,0 milyon manat, 2019-cu ildə güzəştli şərtlərlə satılmış mineral gübrə və pestisidlərə görə satıcılara yaranmış borcun ödənilməsi üçün 29,2 milyon manat, ölkə daxilindən və xaricdən alınan damazlıq heyvanların satış qiymətinə güzəştin tətbiq edilməsi üçün 17,0 milyon manat, yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması məqsədilə heyvan subsidiyasının verilməsi üçün 10,0 milyon manat, ölkədə istehsal edilən, sertifikatlı 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin satışına görə toxum subsidiyasının verilməsi üçün 7,8 milyon manat, hər arı ailəsinə (pətəyə) görə arıçılara subsidiyanın verilməsi üçün 5,5 milyon manat, ölkədə istehsal edilib tədarükçülərə təhvil verilən yaş baramanın hər kiloqramına görə barama subsidiyasının verilməsi üçün 3,0 milyon manat, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi sistemində informasiya texnologiyalarının, Elektron Kənd Təsərrüfatı Sisteminin tətbiqinin genişləndirilməsi üçün 1,2 milyon manat, virussuz əkin materiallarının innovativ üsulla istehsalının dəstəklənməsi üçün 1,2 milyon manat və digər tədbirlər üçün 4,5 milyon manat məbləğində vəsait ayrılıb.

Əvvəlki məqalə

2021-ci ilin dövlət büdcəsinin icrası müzakirə edilib-

Sonrakı məqalə

Biləsuvarda təbii su mənbələrinə qanunsuz qoşulanlara xəbərdarlıq edilib