Özbəkistanda əfqan qaçqınları üçün çadır şəhərciyi yaradılıb

19 Avqust 2021 - 09:37

Özbəkistanın Surxandərya vilayətində Əfqanıstandan quru və hava yolu ilə sərhədi keçən qaçqınlar üçün çadır şəhərciyi salınıb.

Şəhərcikdə 150 əfqan hərbçisi və mülki şəxs yerləşdirilib. Onların 17-si qadın və uşaqdır. Düşərgə qorunur, qaçqınlar səhiyyə xidməti və isti yeməklə təmin olunurlar.

Bir neçə gün əvvəl Özbəkistan sərhədini 22 hərbi təyyarə və 24 helikopterlə keçən 650 hərbçi müvəqqəti olaraq vilayətdə yerləşdirilib.

Avqustun 15-də isə Özbəkistan üçü yaralı olmaqla 84 əfqan hərbçisini qəbul edib. Həmin gün 158 mülki şəxs və hərbçi Amudərya çayı üzərindəki körpüdən Özbəkistan ərazisinə keçib.