“Özbəkistan Konstitusiyası haqqında” qanun layihəsində Özbəkistan prezidentinin səlahiyyət müddətinin 5 ildən 7 ilədək artırılması ilə bağlı bənd yer alıb.
Azpost.info xəbər verir ki, sənəd layihəsi bu gün, martın 15-də dərc olunub.
“Özbəkistan Respublikasının Prezidenti Özbəkistan Respublikasının vətəndaşları tərəfindən ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə yeddi il müddətinə seçilir”, – sənəddə deyilir.
Ölkənin hazırkı konstitusiyasına görə, prezidentin səlahiyyət müddəti 5 ildir. Müvafiq düzəlişlər 2011-ci ilin dekabrında qəbul edilib.
Konstitusiyanın yeni variantı həm də ölkənin hazırkı prezidenti Şavkat Mirziyoyevə ardıcıl üçüncü dəfə seçilməyə imkan verəcək. Əvvəllər prezident seçilmək imkanı ardıcıl iki müddətlə məhdudlaşırdı.
Ötən həftə Özbəkistanın deputatları konstitusiyaya dəyişikliklərlə bağlı referendumun keçirilməsini aprelin 30-na təyin ediblər. Dünən, martın 14-də Senat bu qərarı təsdiqləyib.
Ötən ilin yayında suveren Qaraqalpaqıstan Respublikasında düzəlişlər layihəsinə etirazlar başlayıb. Yeni konstitusiya layihəsində regionun suveren statusunun aradan qaldırılması nəzərdə tutulurdu. Aksiyalar zamanı 200-dən çox insan xəsarət alıb, 22 etirazçıya qarşı cinayət işi açılıb. Etirazlardan sonra hakimiyyət Qaraqalpaqstanın suveren statusunu saxlamaq qərarına gəlib.
Azpost.info