“Özümüzü maska taxmaqla, sosial məsafəni gözləməklə, gigiyenaya əməl etməklə, evdə qalmaqla qorumalıyıq”- Parlamentin komitə sədri

Yeni növ koronavirusun (COVID-19) Üçüncü Dünya müharibəsinə bərabər sayılması bütün ölkələr, xalqlar tərəfindən qəbul olunur”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

M.Quliyev deyib ki, COVID-19-un dünya iqtisadiyyatına, sosial həyata təsiri, insan itkisi də bu yanaşmanın reallığı əks etdirdiyini ortaya qoyur: “Artıq COVİD-19-la əlaqədar 100 minlərlə insan həyatını itirib, 7 milyondan artıq insan bu virusa yoluxub, dünya iqtisadiyyatına trilyon dollarlarla ziyan dəyib. Bu, elə dünya müharibəsinin itkilərinə bərabər itkidir. Müharibə dövründə isə ölkə vahid mərkəzdən, komandanlıqdan idarə olunur. İdarə edən də ölkənin Ali Baş Komandanı olur. Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev 3 ay əvvəl Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıb, vahid idarəetmə sistemini qurub. Prezident İlham Əliyev özü də hər gün bu məsələ ilə məşğuldur. Həm Prezident İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban Əliyeva dəfələrlə xalqa müraciət edib, özləri də görüşlərə, açılış mərasimlərinə maska ilə gedir, sosial məsafəni gözləyirlər. Həm Prezident İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban Əliyevanın görüşlərə, açılış mərasimlərinə maska taxmaqla, sosial məsafəni gözləməklə qatılmağının özü də insanlara bir çağırışdır”.

Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva maska taxırsa, sosial məsafəni gözləyirsə, fərdi gigiyena vasitələrindən istifadə edirsə, bu, insanlarımızın hər biri üçün nümunə olmalıdır: “Ali Baş Komandanın çağırışları heç vaxt müzakirə olunmur, əməl olunur. Onu da nəzərə almalıyıq ki, biz torpaqları işğal altında olan bir xalqıq. Hesab edək ki, Qarabağın işğaldan azad edilməsi üçün Böyük Qarabağ Müharibəsinə başlamışıq”.

M.Quliyev ötən həftənin sonu iki gün sərt karantin rejimi elan olunduğunu xatırladıb: “Məqsəd sosial hərəkətliliyi, kontaktları məhdudlaşdırmaqla virusa yoluxmanın səviyyəsini azaltmaq idi. Ancaq həmin günlərdə sərt karantin rejimini 2 mindən çox insanın pozduğunu gördük. Düzdür, 10 milyon əhali müqayisədə bu, o qədər də böyük göstərici deyil, ancaq bu da olmamalıdır. 2 mindən çox insanın sərt karantin rejimini pozması 2 min intizamsız vətəndaş, 2 min yoluxma, 2 min itki deməkdir. O insanların da hər biri nə qədər insanı yoluxdura bilər. O məsələ qanuna, cəmiyyətə hörmətsizliyin də bir göstəricisidir, bunu da düşünməliyik. Bütün dünyada da qeyd olunduğu kimi, yeni yaşayış qaydalarına öyrəşməliyik. Virusla əlaqədar peyvənd tapılana qədər yeni yaşayış qaydaları ilə yaşamalıyıq. Peyvəndin də nə zaman tapılacağı, nə dərəcədə effektiv olacağı hələ məlum deyil. Özümüzü yalnız sosial məsafəni gözləməklə, maska taxmaqla, fərdi gigiyenaya əməl etməklə, zərurət olmadıqca çölə çıxmayaraq evdə qalmaqla qorumalıyıq”.

Komitə sədri xatırladıb ki, Azərbaycan bir həftə ərzində dezinfeksiya məhsullarının, qısa müddətdə isə maska istehsalını ölkə daxilində təmin edib: “Çox qısa müddətdə ölkədə 20-dən çox test laboratoriyası quraşdırıldı. Ölkədə 25 xəstəxana sırf pandemiya xəstəxanasına çevrilib. Dövlət başçısı 10 modul tipli yeni klinikanın quraşdırılması üçün vəsait ayırıb, bu klinikaların bir neçəsi artıq fəaliyyətə başlayıb. Yəni, dövlət qısa zamanda vətəndaşları üçün tələb olunan şəraiti yaradıb. Koronavirusla mübarizə dövründə – son 3 ayda vətəndaşlarımız ərzaq təminatı və digər məsələlərlə bağlı hər hansı sıxıntı yaşamadı. Öncəki həyatımızla müqayisədə müəyyən məhdudiyyətlər oldu, bu da təbiidir. Karantin rejimi fövqəladə, hərbi rejimlərə bərabər rejimdir və bununla əlaqədar da müəyyən məhdudiyyətlər olacaq. Biz bu məhdudiyyətlərə uyğun yaşamağı öyrənməliyik. Düşünməliyik, bizim hər birimizin məsuliyyətsizliyi onlarla insanın həyatı bahasına başa gələ bilər. Digər tərəfdən, dünyada, o cümlədən Azərbaycanda həkimlərin, tibb işçilərinin sayı o qədər çox deyil. Tutaq ki, Azərbaycanda bu sahədə 200-ə qədər peşəkar həkim ola bilər. Axı bu insanlar gecə, gündüz fəaliyyət göstərirlər, bu insanların da psixoloji problemləri, gərginlikləri olacaq. Bu həkimlər günlərdir, ailələri ilə görüşə bilmirlər, gün ərzində xəstələrin yanında olurlar, virusa yoluxma təhlükələri var. Təəssüf ki, virusa yoluxan tibb işçilərimizin də sayı getdikcə artır, dünyasını dəyişənlər də var. O cümlədən bu müddət ərzində polis əməkdaşları günəşin altında, istidə, soyuqda, küləkdə mübarizədə iştirak edir, xalqın asayişini, nizam-intizamı qoruyurlar. Onlar da insandır, ailələri, özəl həyatları, psixoloji gərginlikləri var. Biz bütün bunların hamısını nəzərə alaraq, məsuliyyət hissini artırmalıyıq. Hər şeyi karantinlə, dövlətin gördüyü tədbirlərlə də tənzimləmək olmaz. İnsanların daxilində də bir intizam hissi, sosial məsuliyyət, dövlətə, Vətənə hörmət, ehtiram hissi olmalıdır. Bu mənada bir daha vətəndaşları intizama tabe olmağa, şəraiti düzgün qiymətləndirməyə dəvət edirəm. İnsan özünü qorumasa, başqalarını dünəndən qorumayacaq və indiyə qədər görülən böyük işlərə töhfə vermək əvəzinə zərər verəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Süleymaninin ölümündə təqsirləndirilən şəxs edam olunacaq

Sonrakı məqalə

Sabah hava necə olacaq?